Azərbaycan klubları Avropa miqyaslı oyunlarını “Şəfa” stadionunda keçirə bilməyəcəklər
19.05.2008 - 17:42
Azərbaycan klubları Avropa miqyaslı oyunlarını “Şəfa” stadionunda keçirə bilməyəcəklər
Onun sözlərinə görə, “Şəfa”ya beynəlxalq oyunların keçirilməsi üçün lisenziya ən tez payızda verilə bilər: “Meydançanın ot örtüyü süni örtüklə əvəzləndikdən sonra FİFA-nın xüsusi laboratoriyasında baxışdan keçməli və bunun nəticəsi ilə bağlı bizə cavab verilməlidir. Hər şey qaydasında olarsa, FİFA “Şəfa”da beynəlxalq oyunların keçirilməsinə icazə verəcək. Laboratoriyalar gərgin iş qrafiki ilə işləsələr də, dünyanın ən ali futbol qurumu nümayəndələrinin bu günlərdə Bakıya səfər edəcəklərinə dair rəsmi sənəd almışdıq. Ancaq sonradan ortaya başqa problem çıxdı. Daha doğrusu, texniki məsələlərlə əlaqədar onların Azərbaycana səfərini təxirə salmalı olduq”. G.Nikolov bildirib ki, baxış məqsədilə ölkəmizə gələcək hollandiyalılardan cavab gözlənilir: “Hollandiyanın “Eleqros” şirkətinin nümayəndələri qazonla bağlı nüsxələri aidiyyatı qurumlara göndərməlidirlər. Ardından analiz keçiriləcək və təxminən iki həftədən sonra cavab veriləcək. Stadionun lisenziyalaşdırma prosesi isə ən yaxşı halda sentyabrda yekunlaşacaq. Deməli, klublar avrokuboklarda “Şəfa”da oynamayacaqlar”. G.Nikolov “İnter”in qitə miqyaslı turnirdə debütünü Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşdirmək məcburiyyətində qaldığını vurğulayıb. Eyni zamanda, o, Lənkəranda da oynamağa hazır olduqlarını söyləyib: “Bildiyimə görə, Lənkəranda beynəlxalq hava limanının inşası başa çatıb. Bu hava limanı istifadəyə veriləcəyi və UEFA-dan icazə alacağımız təqdirdə, niyə Lənkəran şəhər stadionundan istifadə etməməliyik?”
Qeyd edək ki, “İnter” kimi avrokuboklarda ölkəmizi ilk dəfə təmsil edəcək Bakının “Olimpik” klubu da ev oyunlarını “Şəfa”da keçirdiyindən bu arenadan yararlana bilməyəcək. Beləliklə, “Neftçi” ilə yanaşı, “İnter” və “Olimpik” də qitə miqyaslı turnirlərdə rəqiblərini Respublika stadionunda qəbul edəcəklər.
0