Berti Foqts: “Milli komandanın heyətini mayın 26-da açıqlayacağam”
19.05.2008 - 17:57
Berti Foqts: “Milli komandanın heyətini mayın 26-da açıqlayacağam”
- Ötən istirahət günlərində Premyer Liqanın XXV turu çərçivəsində keçirilən iki oyunu izlədiniz. Şənbə günü Lənkəranda “Xəzər-Lənkəran” – “Olimpik”, bazar günü isə “Karvan” – “Simurq” qarşılaşmalarına baxdınız. Bu oyunlarla bağlı təəssüratlarınız necədir?
- Hər iki oyunun birinci hissəsi daha maraqlı keçdi. Ancaq ikinci hissədə sürətli oyunun şahidi olmadıq. Komandalar, belə demək mümkünsə, topsuz futbol oynamırdılar. Adətən, oyun zamanı futbolçular arasındakı məsafə 30-40 metr olur. Bu qarşılaşmalarda isə futbolçular arasındakı məsafə təxminən 80 metr idi. Futbolçuların fiziki hazırlığını yüksəltmək vacibdir. Demişəm və bir daha təkrar edirəm ki, hər gün bir dəfədən çox məşq etmək lazımdır. Futbolçu gün ərzində minimum 4 saat məşq etməlidir. Digər sənət sahibləri gün ərzində 7-8 saat işləyirlər. Peşəkar futbolçu üçün futbol – işdir. Belə olan təqdirdə futbolçu nəyə görə lazım olduğu qədər işləməməlidir?
- Demək olar ki, bütün komandalarımızın oyunlarını canlı izləmisiniz. Hansı komandanı digərlərinə nisbətən daha çox bəyəndiniz?
- Məsələn, çempionatın lideri “Olimpik” kifayət qədər yüksək səviyyədə təşkil olunmuş müdafiə futbolu nümayiş etdirir. Kubokun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” və “İnter” arasında keçirilən oyun yaxşı təsir bağışladı. Doğrudur, təəssüf ki, bütün bu komandaların oyununu hələ beynəlxalq səviyyə nöqteyi-nəzərindən qiymətləndirmək mümkün deyil.
- Ayrı-ayrılıqda futbolçular barədə nə deyə bilərsiniz?
- Maraqlı uşaqlar var. Bəziləri texniki cəhətdən yaxşı hazırlıqlıdırlar, amma taktika və oyunun təşkili baxımından zəifdirlər. Hesab edirəm ki, milli çempionatda futbolçular tez-tez yıxılır, vaxtı “öldürür”, hakimlərlə çox mübahisə edirlər. Düşünürəm ki, onlarda qələbə arzusu, idman aqressivliyi çatışmır. Eləcə də, futbolçular təkbətək mübarizələrə çox da meyl etmirlər. Doğrudur, bəzən birinci hissədə onlar müəyyən mənada normal oyun nümayiş etdirirlər, yaxşı epizodlar yaradılır. İkinci hissə isə, adətən, birinciyə nisbətən pis keçir.
- Söylədiniz ki, maraqlı uşaqlar var. Adlarını çəkə bilərsinizmi?
- Təəssüf ki, ad çəkə bilməyəcəyəm. Bu, mənim tərəfimdən düzgün addım olmazdı. Ancaq təkrar edirəm ki, texnikalı futbolçular var və onların arasında gənclər az deyil. Lakin taktika, mövqe seçimi baxımından zəifdirlər. Hesab edirəm ki, komandanın bütün oyunçuları irəli getməyə cəhd etməlidirlər, ancaq bu zaman hansı mövqedə oynadıqlarını unutmamalıdırlar.
- Doğrudurmu ki, Lənkərandakı stadionu çox bəyənmisiniz və hətta millinin oyunlarının həmin stadionda keçirilməsini təklif etmisiniz?
- Bəli, həqiqətən də stadiondan xoşum gəldi. Azarkeşləri bəyəndim, stadionda futbol atmosferi hökm sürürdü. Milli komandanın oyunlarının Lənkəranda keçirilməsi barədə hazırda danışıqlar gedir. Çətinlik ondan ibarətdir ki, bu şəhərdə beynəlxalq aeroport yoxdur. UEFA-nın tələblərinə görə, oyunun keçiriləcəyi stadionla aeroport arasındakı məsafə 80 kilometrdən artıq olmamalıdır. Yəni rəqiblərimizi Bakı aeroportunda qarşılayıb sonra Lənkərana aparmaq variantı alınmayacaq. Bundan əlavə, şəhərdə müvafiq səviyyədə ən azı iki otelin olması da vacibdir. Ümidvaram ki, Lənkəranda inşa olunan aeroport sentyabr-oktyabr aylarına qədər heç olmasa çarter reyslərini qəbul edəcək vəziyyətdə olacaq. Belə olarsa, millinin oyunlarının Lənkəranda keçirilməsi həqiqətən reallaşar. Təkrar edirəm ki, stadiondakı atmosferdən çox xoşum gəldi.
- Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşləri üçün millinin heyətini nə zaman açıqlamağı düşünürsünüz?
- Gələn həftənin bazar ertəsi. Ölkə kubokunun finalını gözləyək.
- Yoldaşlıq oyunlarına neçə futbolçu aparmaq fikrindəsiniz?
- Təxminən 25-26 futbolçu. Qeyd etmək istəyirəm ki, bu oyunlarda bizim üçün nəticə əsas deyil. Futbolçularla iş başında tanış olmalıyam. Andorra yığması ilə oyundan dərhal sonra Almaniyada keçirəcəyimiz tibbi müayinə bizim üçün indi oyunlardan daha vacibdir. Futbolçuları Almaniya yığmasının istifadə etdiyi metodikaya uyğun olaraq tibbi baxışdan keçirəcəyik.
- Şahin Diniyevin rəhbərliyi dövründə millinin heyətinə bir neçə əcnəbi futbolçu dəvət edilmişdi. Sizin də milliyə legioner cəlb etmək fikriniz varmı?
- Düşünürəm ki, yoldaşlıq oyunlarına bir, yaxud iki əcnəbi dəvət edəcəyik.
- Bu yaxınlarda məlum oldu ki, yeri mütəxəssislərdən Elxan Abdullayev və Faiq Əzizov millidə sizə kömək edəcəklər. Köməkçilərinizi hansı meyarlara əsasən seçmisiniz?
- Hər bir namizədlə söhbətimiz oldu. Onların fikirləri, futbola baxış tərzi ilə maraqlandım. Hesab edirəm ki, milliyə yeni simalar lazımdır.
- Neçə namizəd vardı?
- 5-6.
- Almaniyalı mütəxəssislərin seçimi necə oldu?
- Bir çox mütəxəssislər Azərbaycan millisində mənə kömək etmək istəyirdilər, amma mən Uli Ştayn (qapıçılar üzrə məşqçi), Yurqen Qede (köməkçi məşqçi) və Frenki Brenneri (fizioterapevt) seçdim.
- Onlar ölkəmizə nə vaxt gələcəklər?
- Mayın 27-də.
0