Asim Xudiyev İntertoto kubokuna təyinat alıb
20.05.2008 - 11:39
Asim Xudiyev İntertoto kubokuna təyinat alıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevə növbəti təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA-nın İntertoto kubokunun birinci təsnifat mərhələsi oyununa təyinat alan 51 yaşlı veteran hakim Xorvatiyaya yollanacaq. A.Xudiyev Xorvatiya ilə Makedoniya komandalarının ilk görüşündə hakim-inspektorluq edəcək. Bu oyunun iyunun 21-də və ya 22-də keçirilməsi nəzərdə tutulub ki, konkret tarix klublar arasında qarşılıqlı razılıq əsasında müəyyənləşəcək. Xorvatiyanı İntertotoda “Riyeka” klubu təmsil edəcəyi halda, Makedoniyada mövsüm hələ başa çatmadığı üçün, komandanın adına hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, İntertotoya təyinat alan digər həmyerlimiz, 34 yaşlı FİFA hakimi Babək Quliyev ikinci təsnifat mərhələsinin Norveçdə keçiriləcək cavab görüşündə iş başında olacaq.
0