Vladimir Miçoviç: “Xəzər-Lənkəran”, “İnter” və “Bakı”dan təklif almışam”
22.05.2008 - 12:32
Vladimir Miçoviç: “Xəzər-Lənkəran”, “İnter” və “Bakı”dan təklif almışam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” ilə müqaviləm başa çatmaq üzrədir. Komandada qalacağım hələ dəqiqləşməyib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun serbiyalı qapıçısı Vladimir Miçoviç deyib. 2005-ci ilin yayında flaqmanla üç illik anlaşan 33 yaşlı futbolçu bu müddətdə titul üzünə həsrət qalıb. V.Miçoviçin sözlərinə görə, Azərbaycan çempionu və kuboku qazana bilməməyi “Neftçi”ni tərk etməyə sövq etmir: “Gələcəyə nikbin baxmaq lazımdır. Sözsüz ki, arxada qalan müddətdə çempionluq və kuboku qazanmaq istəyimiz böyük olub. Ancaq həlledici anda büdrəməklə tituldan əlimizi üzmüşük. Buraxdığımız səhvlərdən ciddi nəticə çıxarıb, bunu bir daha təkrarlamamalıyıq”. “Neftçi” rəhbərliyi ilə danışıqların davam etdirdiyini deyən V.Miçoviç digər klublarımızdan da təklif aldığını gizlətmir: “Xəzər-Lənkəran”, “İnter” və “Bakı”dan əlaqə saxlayıblar. Bu komandalar da məni heyətində görmək istəyir. Ancaq onların heç biri ilə anlaşmanın detallarını müzakirə etməmişəm. Çünki əsas diqqətimi “Neftçi”yə yönəltmişəm. Danışıqlarımız baş tutmayacağı halda, başqa klublarla təmasa girərəm. Azərbaycanda kənarda çıxış etməklə bağlı agentlərdən zənglər gəlsə də, ortada konkret variant yoxdur”.
0