Valentin Xodukin: “Ukraynada bəzi klub rəhbərlərinin nəzakətsizliyi məni vətənimdən ayrı salıb”
22.05.2008 - 16:15
Valentin Xodukin: “Ukraynada bəzi klub rəhbərlərinin nəzakətsizliyi məni vətənimdən ayrı salıb”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən fəaliyyətimdə tam azadam. Prezident və ya klubun hər hansısa nümayəndəsi işimə müdaxilə etmir. Bir neçə xarici dil bilən və yüksək mədəniyyətli alicənab insanlarla birgə çalışıram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin Ukrayna mətbuatına müsahibəsində deyib. Azərbaycanın təbiətinin gözəl, əhalisinin isə mehriban, qonaqpərvər olduğunu bildirən 69 yaşlı mütəxəssis ölkəmizdə tanındığını vurğulayıb: “Ukrayna ilə Azərbaycan arasında dövlət səviyyəsində gözəl münasibətlər yaranıb və burada bizə hörmətlə, məhəbbətlə yanaşırlar. Ukraynalıların burada çalışmaları onların əmək stajına daxildir və pensiya məbləğinin hesablanmasında nəzərə alınır. Məni stadionlarda, küçələrdə tanıyırlar. Köşklərdə, mağazalarda mehriban tanışlarım var. Qonşular mənimlə görüşəndə mehribancasına salamlaşırlar”. V.Xodukin deyib ki, Ukraynaya qayıtmaq üçün ona zənglər edilsə də, obyektiv səbəblər üzündən təkliflərlə razılaşmayıb: “Yenə zənglər olarsa, təşəkkür edib, belə cavab verərdim: “Vətən üçün darıxıram, ancaq burada bir qədər də çalışmaq olarmı? Vətənimdə bəzi klub rəhbərlərinin nəzakətsizliyi məni Ukraynadan ayrı salıb. Azərbaycanda məşğulluq səviyyəsi Ukraynadan yüksəkdir. Biznes yaxşı inkişaf edir. Bakıda nəqliyyatın böyük aktivliyi var. Eyni zamanda, kütləvi tikinti işləri aparılır. Gözəl, yüksək mərtəbəli evlər, avtomagistrallar, Amerikada olduğu kimi müasir körpülər inşa edilir”. Altı yaşlı nəvəsi Mixalikin futbolla məşğul olduğunu söyləyən “İnter”in ukraynalı çalışdırıcısı burada çalışan həmkarlarından da danışıb: “Roman Pokoranın "Simurq"dakı fəaliyyəti nəticəsində klub turnir cədvəlində öz yerini tutub. O, hamının hesablaşdığı, liderlərdən xal alan güclü kollektiv yaradıb. Azərbaycan futbolunda nəticə əldə etmək üçün “Neftçi”nin baş məşqçisi Anatoli Demyanenkonun burada keçirdiyi aylar kifayət deyil. Demyanenko ilə aramızda əlaqə yoxdur. Bunun səbəbini deyə bilmərəm. Bəlkə də yaş fərqinə görə belədir. Fevralın 19-da onu ad günü münasibətilə təbrik etmişəm”. V.Xodukin Azərbaycanda işlədiyi üç ildə cəmi bir dəfə toyda iştirak etdiyini bildirib: “Toyda "sadəcə" 500 nəfər iştirak edirdi. Müxtəlif yeməklərlə zəngin stollar, canlı musiqi var idi. Toyda hədiyyələr müxtəlif olur: bəy və gəlin üçün ayrı-ayrı qutular qoyulur. Kim hansı tərəfi təmsil edirsə, pul qoyulmuş zərfin üzərinə adını yazaraq, müvafiq qutuya atır”.
0