Xaqani Məmmədov: “Xəzər-Lənkəran”da psixoloji gərginlik var”
22.05.2008 - 17:36
Xaqani Məmmədov: “Xəzər-Lənkəran”da psixoloji gərginlik var”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov deyib. 32 yaşlı futbolçu bildirib ki, onun şərəfini qoruduğu komanda Azərbaycan kuboku uğrunda yarışın finalında görüşəcəkləri “Xəzər-Lənkəran”dan psixoloji cəhətdən üstündür: “Düşərgəmizdə əhval-ruhiyyə əladır. Çünki “İnter” tarixində ilk dəfə milli çempionatın medalını, eyni zamanda avrokuboklara vəsiqə qazanıb. Ancaq “Xəzər-Lənkəran”da vəziyyət fərqlidir. UEFA kubokuna vəsiqə qazanmaq üçün kubokun finalı Lənkəran klubunun son şansı kimi qiymətləndirilir. Bu mənada rəqib bizimlə müqayisədə həyəcanlıdır. “Xəzər-Lənkəran”ın psixoloji gərginlikdə olması işimizə yarayır”. Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardiri üçün “Xəzər-Lənkəran”la görüşün özəl cəhəti var. Belə ki, X.Məmmədov finalda həm keçmiş komandası, həm də kiçik qardaşı ilə görüşəcək: “Füzuli ilə qardaş olmağımızın futboldakı mübarizəyə aidiyyatı yoxdur. Meydandan kənarda qardaş, meydanda isə rəqibik. Çox istərdim ki, finalda qardaşımla meydanda üz-üzə gəlim. Ancaq təəssüf ki, o, uzun müddətdir oynamır, ehtiyatda qalır. Hərçənd, Füzulini əsas heyətdə yer almağa layiq futbolçu sayıram”. X.Məmmədov qarşıdakı prinsipial matçda “Xəzər-Lənkəran”ı üstələməyin yolunu bildiyini söyləyib: “Rəqib topla yaxşı davranır. Onları meydanda topsuz qoymalıyıq. Çünki belə olan halda lənkəranlılar tez-tez səhvə yol verirlər. “Xəzər-Lənkəran”a qarşı yaxşı oyunumla, bu komandaya layiq futbolçu olduğumu göstərmək istəyirəm”.
Qeyd edək ki, ölkə kubokunun “İnter” və “Xəzər-Lənkəran” arasındakı finalı mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0