Almaniyalı Manuel Qraf Azərbaycan kubokunun finalını idarə edən 11-ci hakim olacaq
22.05.2008 - 17:48
Almaniyalı Manuel Qraf Azərbaycan kubokunun finalını idarə edən 11-ci hakim olacaq
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Almaniyalı Manuel Qraf Azərbaycan kuboku uğrunda yarışın final matçını idarə edəcək ilk əcnəbi hakim kimi futbol tariximizə düşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, indiyədək keçirilən 14 final qarşılaşmasında ölkəmizin 10 ədalət təmsilçisi meydana çıxıb. Həlledici görüş hazırda AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova hamıdan çox - 3 dəfə tapşırılıb. Beynəlxalq dərəcəli hakim Vüsal Əliyev və sabiq FİFA referisi Tahir Süleymanov hərəyə iki dəfə finalda ədalət prinsiplərini qoruyublar. Qalan 7 hakim Gülağa Cabbarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, İmanxan Sultani, Məhəmməd Məmmədov və Fariz Yusifov bir dəfə həlledici matçın baş hakimi olublar.
Qeyd edək ki, indiyədək ölkə kubokunun finallarında yalnız F.Yusifov qırmızı vərəqə göstərib. O, 2005-ci ildə keçirilən oyununun əlavə vaxtında “Bakı”nın braziliyalı yarımmüdafiəçisi Andre Ladaqa və “İnter”in nigeriyalı hücumçusu Laki İdahoru meydandan qovub.
0