Tofiq Fətullayev: “ABN klubu rəhbərliyi fikrini dəyişə bilər”
26.05.2008 - 16:19
Tofiq Fətullayev: “ABN klubu rəhbərliyi fikrini dəyişə bilər”
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Premyer Liqanın son turunda “Neftçi” ilə səfər matçına gəlməkdən imtina edən Bərdənin ABN klubuna məsələsinə baxmağa tələsmir. Assosiasiyanın Nizam-İntizam Komitəsinin sədri Tofiq Fətullayev “APA-Sport” agentliyinə açıqlamasında mayın 28-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika adına stadionunda keçirilməsi nəzərdə tutulan görüşü gözləməyi lazım bilir: “Bugünkü iclasımızda ABN-nin məsələsinə baxmaq nəzərdə tutulmamışdı. Son turu gözləyirik. ABN “Neftçi” ilə oyuna çıxmayandan sonra yığışıb, bu məsələyə hüquqi qiymət verəcəyik. Komanda oyuna gəlməməyi reallaşandan sonra haqqında qərar çıxarılacaq. ABN-nin rəsmi müraciəti ilə kifayətlənmək olmaz. Komanda bu gün bir şeyi deyə, sabah isə qərarını dəyişə bilər. Oyundan sonrakı günlərin birində keçirəcəyimiz iclasda qərar qəbul edəcəyik”.
NİK-in ABN-ə texniki məğlubiyyət verməməyi “Neftçi”nin bürünc mükafat qazanmasının vaxtından əvvəl rəsmiləşməsinə imkan vermir. Belə olan halda, flaqman Premyer Liqanın cari mövsümündə 3-cü yeri tutmasının elan edilməsi üçün 3-4 gün gözləməli olacaq.
Qeyd edək ki, ABN rəhbərliyi “Neftçi” ilə oyuna gəlməyəcəyi fikrində qalır.
0