Rəşad Sadıqov “Bakı” klubunda məşq edir
26.05.2008 - 18:16
Rəşad Sadıqov “Bakı” klubunda məşq edir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının və “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov “Bakı” klubunda məşq edir. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, 26 yaşlı futbolçuya düşərgələrində yer vermək transferlə bağlı deyil: “Rəşad bizdə sadəcə, məşq edir. O, bununla bağlı baş məşqçimiz Qyoko Hacievskiyə müraciət edib. Sadıqovu milli komandamızdan yaxşı tanıyan makedoniyalı mütəxəssis bunda problem görməyib. Rəşadın “Neftçi” ilə birgə məşq etməməyinin səbəbi isə komandasının ABN ilə oyunun baş tutmamağı üzündən hazırlıq keçməməyi və artıq istirahətdə olmasıdır”. “Bakı”nın baş meneceri Ukraynanın “Krımterplitsa” klubunda çıxış edən soydaşımız Ruslan Zeynalovun da komandasında yer almasını məşqlə əlaqələndirib: “Milli komandamıza çağırılan bu futbolçu yığmanın hazırlığı başlayanadək formasını itirməmək üçün bizimlə məşq edir. Onun agenti ilə tanışlığım var. Həmin şəxs Ruslanın Komandamızda məşq etməsi ilə bağlı etdiyi müraciəti müsbət cavabladım. Sadıqovla Zeynalov milli komandamızın hazırlığa başladığı vaxtda artıq yığmanın düşərgəsində olacaq”.
0