“Lokomotiv” klubunun sabiq baş məşqçisi “Neftçi”nin düşərgəsinə niyə gəlib?
26.05.2008 - 18:27
“Lokomotiv” klubunun sabiq baş məşqçisi “Neftçi”nin düşərgəsinə niyə gəlib?
Ancaq hazırda Estoniyanın “Levadiya” klubunun vitse-prezidenti vəzifəsini daşıyan veteran futbolçu səfərinin “Neftçi”də baş məşqçi dəyişikliyinə səbəb olmayacağını deyib: “Bakıya ikinci dəfədir gəlirəm. Bura Anatoli Demyanenkonu istefaya göndərmək üçün gəlməmişəm”. Rusiyanın Nijni-Novqorod şəhərinin “Lokomotiv” klubunda həm baş məşqçi, həm də prezident postlarında 12 il çalışmış V.Ovçinnikov bildirib ki, paytaxtımıza səfərində əsas məqsəd “Neftçi”nin estoniyalı yarımmüdafiəçisi Dmitri Kruqlovla bağlıdır: “Kruqlovun gələcək taleyi ilə bağlı müzakirələr aparırıq. Bu futbolçu vaxtilə “Levadiya”da çıxış etsə də, transfer hüquqları Rusiya “Lokomotiv”inə məxsusdur. Mən Kruqlovun şəxsi agenti deyiləm. Əslində, özüm agentlərlə çalışıram. Sadəcə, kənarda çıxış edən estoniyalı futbolçuları diqqətdə saxlayırıq. Onların uğurlu çıxışı bizi də maraqlandırır. Kruqlovun “Neftçi”də qısa zaman kəsiyində özünü göstərməsindən məmnunluq duyuram”. 61 yaşlı veteran qapıçı Azərbaycan futbolunun gələcəyi barədə nikbin proqnoz verib: “Azərbaycan futbolunda yaxşı pul var. Bu isə inkişafa zəmin yaradır. Şahidi oldum ki, futbolunuzun inkişafına ciddi yanaşırlar. Gələcəkdə Avropa futbolunda rəqabəti artıra bilərsiniz”. V.Ovçinnikov Bakıya ilk gəlişini belə xatırlayıb: “Bu hadisə 17 il əvvəl baş verib. 1991-ci ildə “Lokomotiv”in çalışdırıcısı kimi “Neftçi” ilə oyuna gəlmişdim. Həmin dövrlə müqayisədə Bakı yaxşı mənada çox dəyişib. Burada gördüklərim məni heyran etdi”.
Qeyd edək ki, futbolçu karyerasını zədə ucbatından erkən bitirən V.Ovçinnikov 29 yaşında Tallinin “Azəri” klubunda məşqçilik fəaliyyətinə başlayıb. O, sabah paytaxtımızı tərk edəcək.
0