Rasim Kara: “Olimpik” rəqiblərinə problem yaradır”
27.05.2008 - 11:22
Rasim Kara: “Olimpik” rəqiblərinə problem yaradır”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Onun sözlərinə görə, komandası “Olimpik”lə “Şəfa” stadionunda keçiriləcək matça qələbə qazanmaq üçün çıxacaq: “Lideri məğlub etmək heç də asan deyil. Xeyli müddətdir 1-ci pillədə qərarlaşıb. Çempionatda cəmi bir dəfə uduzub, qapısından altı top buraxıb. Bu da komandanın etibarlı müdafiə xəttinə malik olduğunu göstərir. “Olimpik” meydanda qapalı oynayır ki, bu da rəqiblərinə problem yaradır. Ancaq hər halda, bu komandaya öz gücümüzü göstərəcəyik. “Qarabağ” “Olimpik”dən zəif deyil və komandama güvənirəm”. Şansları bərabər hesab edən 58 yaşlı türkiyəli mütəxəssis kənardan stimullaşdırılmadıqlarını söyləyib: “Biz heç vaxt belə şeylərə getmirik. “Qarabağ” heç buna fürsət də verməz. Yalnız öz oyunumuz, komandamızı düşünürük”. R.Karanı narazı salan məqam “Şəfa” stadionunda keçirilən oyunların fərqli vaxtda başlanmasıdır. O, “Olimpik” - “Qarabağ” və “İnter” - “Qəbələ” görüşlərini təkcə 1-ci yox, həm də 5-ci yer baxımından önəmli matçlar hesab edir: “Hazırda turnir cədvəlində qərarlaşdığımız 5-ci pilləni qorumaq uğrunda mübarizədə əsas rəqibimiz “Qəbələ”dir. Son turda həlledici oyunların eyni vaxtda başlanması bütün dünyada qəbul olunmuş tendensiyadır. Bu, ədalət, idman prinsiplərinə xidmət edir. AFFA isə bu iki vacib matçı fərqli vaxtlara təyin etməklə, düzgün hərəkət etmədi. Biz bununla bağlı assosiasiyaya etirazımı bildirdik. Son turda ABN-nin “Neftçi” ilə oyuna gəlməyəcəyi məlumdur ki, belə olan halda, Respublika stadionu boş olacaq. AFFA ya bizim, ya da “İnter” – “Qəbələ” görüşünün bu arenada keçirilməsinə qərar verməklə, həlledici matçların eyni vaxtda başlanmasını təmin edə bilərdi. Oyunlar eyni vaxtda başlamayanda isə çoxlu dedi-qodular yaranır”.
Qeyd edək ki, sabah “Şəfa”da keçiləcək matçlardan “Olimpik” – “Qarabağ” saat 16:00, “İnter” – “Qəbələ” bundan 4 saat sonra başlayacaq.
0