Valentin Xodukin: “Olimpik” - “Qarabağ” matçının nəticəsi məni maraqlandırmır”
27.05.2008 - 12:09
Valentin Xodukin: “Olimpik” - “Qarabağ” matçının nəticəsi məni maraqlandırmır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan kubokunun final matçındakı uğursuzluq son tur öncəsi bizi ruhdan salmayıb. Hər halda, hansısa komanda qalib gəlməli idi”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis bildirib ki, komandasının titul qazanmağa hazır olmadığı haqda yayılan fikirlərlə razı deyil: “Mövsümü major notda başa vurmaq istəyirik. Çempionluq uğrunda rəqibimiz olan “Olimpik”in oyunu bizimlə eyni vaxtda başlasaydı, pis olmazdı. Ancaq “Şəfa”dakı matçlar fərqli vaxtlara salınıbsa, bununla barışmalıyıq. Əslində, “Olimpik”in son turda “Qarabağ”la görüşdəki nəticəsi məni maraqlandırmır”. Son turun oyunu üçün heyətlə bağlı ciddi problemlərlə üzləşən V.Xodukin legionerlərin xidmətindən məhrum olub: “Litvalı yarımmüdafiəçi Tomas Rajanauskas üçün mövsüm artıq baş çatıb. Valter Quqlemonla yanaşı, Milan Zaqoratsla Qoran Arnaut zədələniblər. Hər iki serbiyalı futbolçu əzələsini dartıb. Valterin başına isə altı tikiş qoyulub. “Qəbələ” ilə oyunda bəzi futbolçularımıza istirahət verilib-verilməməyi “Olimpik” – “Qarabağ” görüşündəki nəticədən sonra bilinəcək”.
Qeyd edək ki, gümüş medal və UEFA kubokuna vəsiqəni artıq özü çün təmin edən “İnter”in tarixində ilk çempionluğu “Olimpik”in son turda məğlub olmasından asılıdır.
0