Vaqif Cavadov: “Milli komandaya yenidən çağırılacağımı gözləyirdim”
27.05.2008 - 13:46
Vaqif Cavadov: “Milli komandaya yenidən çağırılacağımı gözləyirdim”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun 19 yaşlı hücumçusu Vaqif Cavadov deyib. Bosniya və Herseqovina və Andorra ilə keçiriləcək yoldaşlıq matçlarına çağırılan 25 futbolçu arasında yaşca ən kiçiyi olan V.Cavadov Premyer Liqanın son turunda “Olimpik”lə oyunqabağı əhval-ruhiyyəsinin yüksəldiyini bildirib: “Bu xəbərdən sonra əhval-ruhiyyəm daha da yaxşılaşıb. Ötən il iyunun 6-da Qazaxıstanla səfərdə keçirdiyimiz rəsmi matçdan sonra milli komandadan kənarda qalmışdım. Son vaxtlar olimpiya yığmamıza kömək etməyimi istəyirdilər ki, mən də canla-başla razılıq verirdim. Əsas milli komandaya qayıdacağıma ümidimi itirmirdim. İndi hər şey özümdən asılıdır. Foqts kimi mütəxəssisin etimadını qazanmaq üçün çox çalışmalıyam”. Gənc hücumçu vurğulayıb ki, yığmanın düşərgəsinə qalib yollanmaq üçün sabah “Olimpik”i məğlub etmək lazımdır: “Komandamız qələbə qazanmağa qadirdir. İstənilən rəqibi, o cümlədən “Olimpik”i məğlub etmək olar. Biz bu istəklə, qələbə əzmi ilə meydana çıxacağıq. Oyunun necə alınacağını isə meydandakı mübarizə göstərəcək. Bir hücumçu kimi etibarlı müdafiə xəttinə malik “Olimpik”in qapısına yol tapmaq niyyətindəyəm. Baş məşqçimiz Rasim Kara da liderə qarşı necə oynamaq haqda məsləhətlərini, göstərişlərini verəcək. Çempionluğun taleyi bizdən asılı olsa da, bizim üçün kimin qızıl medal qazanmasının prinsipial fərqi yoxdur. Statistika “Olimpik”in həqiqi liderliyini göstərir. Ancaq heç də “İnter”in çempionluğa layiq olmadığını demək istəmirəm”.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, hesabında 7 qol olan V.Cavadov cari mövsümdə “Qarabağ”ın ən sərrast futbolçusudur.
0