“Neftçi” klubunun yeni transferi Março Dafçev Bolqarıstandan narazılıqla ayrılıb
27.05.2008 - 17:53
“Neftçi” klubunun yeni transferi Março Dafçev Bolqarıstandan narazılıqla ayrılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yeni transferi Março Dafçev Bolqarıstandan narazılıqla ayrılıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarımmüdafiəçi 7 mövsüm heyətində çıxış etdiyi Sofiyanın “Lokomotiv” klubundan razı qalmayıb. Bolqarıstan mətbuatı futbolçunun “Neftçi”yə keçidi ilə bağlı xəbərlərdə klub prezidenti ilə M.Dafçev arasında yaşananlara da toxunub. Belə ki, güclülər dəstəsində klubun heyətində keçirdiyi 156 matça 41 qol vuran orta sahə oyunçusu “Lokomotiv”in prezidenti Nikolay Qiqovla dil tapa bilməyib. Ötən mövsümü üçüncü pillədə başa vuran Sofiya təmsilçisinin rəhbərliyi komandanın aparıcı oyunçularını transferə çıxarıb ki, yarımmüdafiəçi olmasına baxmayaraq vurduğu 13 qolla bombardirlər yarışında üçüncü olan M.Dafçev də istisna təşkil etməyib. Transfer hüququ “Lokomotiv”də olan oyunçuları ölkədəki rəqiblərinə verməyi məqsədə uyğun saymayan N.Qiqov “Neftçi”nin yeni transferi və Kaloyan Karadjinovu Çinə göndərmək istəyib. Bu ölkənin “Daliyen” klubuna transferindən narazı olan M.Dafçev əvvəllər heyətində çıxış etdiyi “Botev”ə keçidinin mümkünsüz olması ilə barışıb Azərbaycandan gələn təklifi qəbul edib. Qeyd edək ki, “Neftçi”nin digər bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanov da bir müddət Çində çıxış edib.
0