Valentin Xodukin: “Qarabağ” qol vuranda həm sevindim, həm də həyəcanlandım”
29.05.2008 - 12:06
Valentin Xodukin: “Qarabağ” qol vuranda həm sevindim, həm də həyəcanlandım”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan çempionluğunu qazanan Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı çalışdırıcı bildirib ki, bu uğuru məşqçilik karyerasının zirvəsi hesab edir: “Biz xeyli müddətdir buna doğru irəliləyir, səbr edirdik. Düzdür, son tur öncəsi vəziyyəti nəzərə alsaq, çempionluqla bağlı ürəyimizin dərinliyində ümid işığı yanırdı. Ancaq necə deyərlər, ümid sonda ölür və möcüzə də baş verir. Görünür, biz qələbəni rəqiblərimizdən daha çox istəyirdik və zəhmətimiz hədər getmədi. Qalibi mühakimə etmirlər və çempionluğa biz layiq idik”. Azərbaycanda çalışan əcnəbi mütəxəssislər arasında nəinki ilk çempionluq, ilk titul qazanan V.Xodukin bunu adi qarşıladığını vurğulayıb: “Məni ən çox sevindirən, eyni zamanda təəccübləndirən oyundan sonra dərhal vətənimdən, doğulub, boya başa çatdığım Lvovdan, ukraynalı jurnalistlərdən gələn təbrik zəngləri idi. Burada çalışan məşqçilərdən mənimlə dərhal əlaqə yaradıb, təbrik edənlər Rasim Kara, Roman Pokora, yerlilərdən Vaqif Sadıqov və bir də köməkçim olmuş, hazırda isə “Neftçi”də məşqçi işləyən Elbrus Məmmədov olub”. V.Xodukin belə bir şad gündə onu məyus edən məqama da toxunub. O, “Olimpik”in məşqçisinin “İnter” haqda dediklərinə analoji cavab verməyi özünə sığışdırmadığını söyləyib: “Novruz Əzimovun bizi hakimlərlə işləməklə ittiham etməsindən xəbərdaram. Mən isə cavab olaraq, pis sözlər demək istəmirəm. Məni yaxşı tanıyanlar belə iyrənc işlərlə məşğul olmadığımı bilirlər. “Olimpik”ə cavabımda onu deyə bilərəm ki, məğlubiyyətin səbəblərini özlərində axtarsınlar. Yalnız müdafiədə oturan komanda çempion ola bilməz”.
0