Berti Foqts Bosniya və Herseqovinada qalmaqalla üzləşib
03.06.2008 - 11:06
Berti Foqts Bosniya və Herseqovinada qalmaqalla üzləşib
62 yaşlı mütəxəssis Bosniya və Herseqovina – Azərbaycan (1:0) matçının keçirildiyi Zenitsa şəhərində komandasına yaradılan şəraitdən gileylənib. B.Foqtsu cəmi 200 tamaşaçının izlədiyi görüşdən əvvəl baş verənlər özündən çıxarıb. Belə ki, Azərbaycan millisi oyunun keçirildiyi “Bilino Polye”də lazımi məşqi keçə bilməyib. Düzdür, bosniyalılar B.Foqts və yetirmələrini Zenitsadakı stadiona buraxıb. Lakin çox qısa müddətə. Vaxt başa çatan kimi projektorlar söndürülüb. Məsələni həll etmək üçün B.Foqtsun çağırdığı AFFA rəsmisi də meydanla bağlı problemi yoluna qoya bilməyib. Buna səbəb yoldaşlıq görüşü razılaşdırılarkən, qonaqların da bu arenada məşq etməsi haqda ortaq məxrəcə gəlinməməsidir. Oyunçularla birgə qaranlıqda qalan almaniyalı o qədər qəzəblənib ki, onu nə AFFA, nə də yerli federasiya rəsmiləri razı sala bilib. B.Foqts komandasının Zenitsanı tərk edib, Sarayevoda məskunlaşmasını tələb edib.
Qeyd edək ki, bu, mütəxəssisin Azərbaycan yığmasının baş məşqçi postunda ilk oyunu idi.
0