Azərbaycan milli komandası indiyədək iyunun 4-də qol vurmayıb
03.06.2008 - 11:22
Azərbaycan milli komandası indiyədək iyunun 4-də qol vurmayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniyalı mütəxəssis Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması sabah tarixində 141-ci oyununu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın andorralılarla görüşəcəyi iyunun 4-də keçirdiyi hər üç oyun uğursuz olub. Vaqif Sadıqovun dövründə yığmamız (04.06.1197) Estoniya ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə uduzub – 0:1. İyunun 4-də baş tutan digər iki matç Bakıda olub. Əsgər Abdullayevin baş məşqçisi olduğu milli komanda 2000-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanla yoldaşlıq görüşündə heç-heçə oynayıb -0:0. Bundan 5 il sonra həmin arenada rəsmi oyun keçirilib ki, Azərbaycan yığması Karlos Alberto Torresin rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşaya böyük hesabla uduzub – 0:3. Həmin matçı idarə edən ispaniyalı FİFA hakimi Alberto Millenkaya narazılığını emosional şəkildə bildirən braziliyalı mütəxəssis qırmızı vərəqə alaraq, texniki zonadan qovulub. Bu, K.A.Torresin milli komandamızın sükanı arxasında sonuncu oyun olub. AFFA rəhbərliyinin anlaşmaya vaxtından əvvəl xitam verdiyi Braziliya yığmasının sabiq kapitanı UEFA tərəfindən də cəzalandırılıb. Göründüyü kimi, milli komandamız iyunun 4-də keçirdiyi oyunlarda nəinki qələbə qazanıb, heç qol da vura bilməyib.
Milli komandamız FİFA reytinqində 181-ci pillədə yer alan Andorra yığması ilə 3-cü dəfə görüşəcək. İndiyədək beynəlxalq turnir səviyyəsində baş tutan hər iki matç qolsuz bərabərliklə başa çatıb. Andorralılarla ilk görüş iyuna təsadüf edib ki, 10 il əvvəl Tallində keçirilmiş oyunda yığmamızın sükanı arxasında V.Sadıqov olub. Bundan iki il sonra (06.02.2000) Maltada təşkil edilən turnirdə milli komandamıza Ə.Abdullayev rəhbərlik edib. Son üç görüşündə məğlub olan Andorra yığması həm də meydanı qolsuz tərk edib. Bu il keçirdiyi hər üç matçda qələbə üzünə həsrət qalan milli komandamız da qol vura bilməyib.
0