“Karvan” Zeynal Zeynalovu komandada saxlamaq istəyir
03.06.2008 - 14:40
Yevlax. Mehman Süleymanov - APA-Sport. Yevlaxın “Karvan” klubu yeni mövsümün hazırlığına iyunun 20-də başlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Bakıda bir araya gələcək komanda mövsümə üç məkanda hazırlaşacaq. “Karvan” paytaxtla yanaşı, Quba, yaxud Qaxda təlim-məşq toplanışı keçməyi planlaşdırır. Yevlaxlıların hazırlığının əsas mərhələsi Türkiyədə olacaq. İyulun 5-də qonşu ölkəyə yollanacaq komanda üç həftə Boluda təlim-məşq toplanışı keçəcək. “Karvan”ın yoxlama oyunları da həmin hazırlıq prosesi üçün nəzərdə tutulub. Bu müddətədək heyəti komplektləşdirəcək Yevlax təmsilçisi Zeynal Zeynalovun yolunu gözləyir. Almaniyalı mütəxəssis Berti Foqtsun yığmamıza cəlb etdiyi 28 yaşlı yarımmüdafiəçi “Karvan”la müqaviləsi başa çatan futbolçular siyahısında yer alıb. Komandanın baş məşqçisi Y.Hüseynov ötən mövsümün qış fasiləsində “Neftçi”dən transfer etdikləri Z.Zeynalovun xidmətində maraqlıdır. “Karvan” həftəsonu milli komandanın heyətində vətənə dönəcək yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
0
0