Valentin Xodukin: “Xaqani Məmmədov milli komandada diqqəti cəlb etmir”
05.06.2008 - 15:18
Valentin Xodukin: “Xaqani Məmmədov milli komandada diqqəti cəlb etmir”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Ötən mövsüm 19 qolla Azərbaycan çempionatının bombardiri olan Xaqani Məmmədovun milli komandada oyununun alınmamağı səbəbsiz deyil”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. O, 32 yaşlı hücumçu Xaqani Məmmədovun yığmada zəif təsir bağışlamasının günahını daha çox futbolçuda görmür: “Biz oyunumuzu əsasən Xaqani Məmmədovun üzərində qururuq. Futbolçularımız meydanda daha çox onu topla təchiz edir. Təbii ki, belə olan halda, Xaqani diqqət mərkəzinə düşür. Milli komandada isə bu planda vəziyyət fərqlidir. Belə ki, yığmada futbolçuların hər biri yorğanı öz üzərinə dartırlar. Nəticədə Xaqani klubundan fərqli, yığmada seçilmir”. Millidə çıxış edən digər əsas futbolçuları Samir Abbasovla Mahmud Qurbanovun çıxışına da toxunan V.Xodukin almaniyalı həmkarı Berti Foqtsa ağıl öyrətməyi düzgün saymır: “Samiri yığmada indiki mövqeyində sınamışıq. Foqtsun Abbasovu bu mövqedə oynatması təsadüfi deyil. Hər halda, dayaq yarımmüdafiəçisi dağıdıcılıq, topu almaq qabiliyyətinə, yaxşı fiziki göstəricilərə malik olmalıdır. Görünür, almaniyalı həmkarım Samiri bu cəhətdən yararlı sayır. Mahmuda gəlincə, Andorrada meydan yararsız vəziyyətdə olması belə bir texnikalı futbolçuya özünü göstərməyə imkan vermədi. Qurbanovun Bosniya və Herseqovina yığması ilə oyunda iştirak etməməyi isə mənim üçün gözlənilməz olmadı. Çünki yoxlama oyunları ilk növbədə futbolçuları sınaqdan keçirmək üçündür. Foqts da daha çox oyunçunu sınamaqla, heyəti müəyyənləşdirməyə çalışır. Hər halda, o, yüksək səviyyəli, öz işini bilər mütəxəssisdir”.
Qeyd edək ki, “İnter”in 20 yaşlı futbolçusu Cavid Hüseynov Andorra ilə görüşün uzatma dəqiqələrində meydanda çıxmaqla, əsas yığmada debüt edib.
0