Fatih Terim: “Səhvlərimizi düzəldib, İsveçrə yığmasına qarşı daha yaxşı oynayacağıq”
08.06.2008 - 11:34
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bizim üçün heç də asan olmayan Portuqaliya yığması ilə oyunun ilk hissəsi bərabər səviyyədə keçdi. Rəqib topla daha çox davransa da, biz onlara təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Fasilədən sonra təşəbbüsü ələ keçirmək istədiyimiz vaxtda lazımsız qol buraxdıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim XIII Avropa çempionatının ilk oyun günündə Portuqaliya yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra deyib. Əsas müdafiəçisi Sərvət Çətinin zədəli oynaması, oyuna konsentrasiya baxımından problemlərdən gileylənən türkiyəli mütəxəssis səviyyə fərqini qeyd edib: “Portuqaliya yığmasının heyətində dünya səviyyəli futbolçular yer alıb ki, bu da onları çempionatın favoritlərindən biri edir. Fasiləyədək rəqib müdafiəçiləri Bosinqva ilə Paulo Fereyra cinahlarda fəal olduğu üçün meydanın mərkəzində yerdəyişmələr etməli oldum. Meydanın mərkəzini gücləndirməklə Həmid Altıntopla Əmrə Bələzoğluya kömək etmək istəyirdim. Fikirləşirdim ki, ikinci hissəsə cinah müdafiəçilərimiz yaxşı oynayacaqlar”. Baş məşqçi əsas qol ümidləri olan hücumçuları Nihat Kahveçi ilə Tuncay Şanlının çıxışından narazı qaldığını gizlətməyib: “Biz hücum etməyə çalışırdıq. Ancaq futbolçularımız – Hihatla Tuncay bir-birinə mane olarsa, heç nəyə nail olmaq mümkün deyil. İndi İsveçrə yığması ilə qarşıdakı oyun bizim üçün çox vacibdir. Səhvlərimizi düzəldib, isveçrəlilərə qarşı daha yaxşı oynayacağıq”. F.Terimin Portuqaliya yığmasındakı həmkarı Luis Felipe Skolari isə oyun sonrası mətbuat konfransında futbolçularının yaxşı formada olduğunu vurğulayaraq, buna görə tibbi heyətə minnətdarlığını bildirib: “Biz texniki və fiziki planda əla oyun nümayiş etdirdik ki, bu, tibbi briqadamızın fantastik işinin nəticəsidir. Bir neçə mötəbər turnirdə iştirak etmiş mütəxəssis kimi ilk oyunda qələbə qazanmağın nə qədər vacib olduğunu yaxşı bilirəm. İstəyimizə çatmışıq və bu ritmi, özümüzə inamı saxlamalıyıq. Kapitanımız Nunu Qomeşi əvəzləyən zaman sarğını Kriştiano Ronaldoya verməyi ondan xahiş etməklə, komanda yoldaşı motivasiyamızı artırmaq istədik. Bu işə yaradı və Ronaldo daha yaxşı çıxış etdi”. L.F.Skolari növbəti rəqibləri olan Çexiya yığmasının fərqli oyun üslubuna malik olduğunu söyləyib: “Bu yığma üzərində də qələbə qazanıb, ¼ finala vəsiqəni vaxtından əvvəl təmin etmək yaxşı olardı. Bu vəzifənin artıq 50 faizini yerinə yetirmişik”.
0
0