“Olimpik” klubunun rəqibi 3 dəfə avrokubokların ¼ final mərhələsində oynayıb
01.07.2008 - 17:57
“Olimpik” klubunun rəqibi 3 dəfə avrokubokların ¼ final mərhələsində oynayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubu Çempionlar Kubokunun ¼ finalçısı ilə görüşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Serbiyanın “Voyvodina” klubu 1966/67 mövsümündə qitənin ən nüfuzlu turnirində 8 ən güclü sırasına yüksəlib. Serbiyanın Novi Sad şəhərini təmsil edən klub 1914-cü ildə yaradılıb. Ən böyük uğurları 1966 və 1989-cu illərdə qazanan “Voyvodina” ikiqat Yuqoslaviya çempionudur. 1957, 1962 və 1975-ci illərdə ölkə çempionatında ikinci olan novi-sadlılar 1951 və 1998-ci illərdə Yuqoslaviya kubokunun finalına çıxıb. Ölkə daxilində uğurları bununla məhdudlaşan “Voyvodina”nın avrokuboklarda debütü zəfərlə əlamətdar olub. 1961-ci ildə İtaliyanın “Milan” klubu ilə oyunlarla (0:0, 2:0) avrokubok tarixini başlayan yuqoslaviyalılar həmin il UEFA kubokunun ¼ finalınadək irəliləyib. Bundan sonra daha iki dəfə avrokubokların ¼ finalına çıxan rəqibimiz 1967-ci ildə Çempionlar kubokunda, 1968-ci ildə UEFA kubokunun ən yaxşı 8 komandası arasında yer alıb. Hər üçü halda yarımfinala adlaya bilməyən komandanın uğurları da elə ötən əsrin 60-cı illərində qalır. Sonralar 3 dəfə qitə arenasında Yuqoslaviyanı, 5 dəfə Serbiyanı təmsil edən “Voyvodina” ciddi uğur qazana bilməyib. Prezidenti Vojislav Qajiç olan “Voyvodina” qitə kuboklarında 60 oyun keçirib ki, bunların 26-da qalib gəlib, 11 heç-heçə edib və 23 dəfə uduzub (top fərqi – 80:71). “Voyvodina” rəqiblərini Novi-Sadın 21000 tamaşaçı tutan “Karadord” stadionunda qəbul edir.
0