Branimir Subaşiç: “Olimpik” - “Voyvodina” görüşündə şansları bərabər sayıram”
01.07.2008 - 18:32
Branimir Subaşiç: “Olimpik” - “Voyvodina” görüşündə şansları bərabər sayıram”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç deyib. Üç il şərəfini qoruduğu “Neftçi”ni az öncə Belqradın “Srvena Zvezda” klubuna dəyişən 26 yaşlı serbiyalı futbolçu həmyerlilərinin indiki durumu haqda fikir söyləməkdə çətinlik çəkib: “Serbiyalı olsam da, Azərbaycan klublarının potensialına daha çox bələdəm. Çünki son üç ildə isə Azərbaycanda çıxış etmişəm. “Voyvodina” ilə “Partizan” Serbiyanın köklü klublarıdır. Xüsusilə, “Partizan” ölkəmizdə çoxsaylı titullara malikdir. Hazırkı komandam “Srvena Zvezda”nın son illərdə ölkə çempionu olmasına məhz bu klub imkan vermir. Vaxtilə “Voyvodina”ya qarşı oynamışam. Çoxdandır Serbiyadan çıxdığımdan, bu komandanın indiki gücü haqda dəqiq bir şey deyə bilmərəm. Bu komandanın son vaxtlar oyununu görməmişəm”. B.Subaşiç bildirib ki, püşkdən sonra ona Azərbaycan və Serbiya təmsilçilərinin avrokuboklarda görüşləri ilə bağlı xeyli zənglər olub: “Klublarınızı yaxşı tanıdığımdan, həmyerlilərim bununla bağlı əlaqə saxlayaraq, fikirlərimi öyrənirlər. Hesab edirəm ki, Serbiya klubları nə qədər güclü olsa da, şanslar bərabərdir. Futbolda hər bir nəticə ola bilər. “Olimpik”in heyətinin yarısını dəyişdirməsini eşirmişəm. Əsgər Abdullayevin çalışdırdığı komanda öz meydanında üstünlük qazanmalıdır. Çempionlar Liqasında çıxış edən “İnter” isə “Partizan”la görüşmək üçün hələ ilk mərhələdə Makedoniyanın “Rabotniçki” klubunu keçməlidir”.
0