Bakının “Olimpik” klubu UEFA kubokunda ilk oyununu səfərdə keçirəcək
02.07.2008 - 11:50
Bakının “Olimpik” klubu UEFA kubokunda ilk oyununu səfərdə keçirəcək
Bakı. Elşən Məmmədov – APA-Sport. Bakının “Olimpik” klubunun UEFA kubokunun ilkin təsnifat mərhələsində Serbiyanın “Voyvodina” komandası ilə oyunlarının keçirilmə yerində dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumu tərəfindən aparılan dəyişikliyə əsasən, “Olimpik”in ilk oyunu Bakıda yox, səfərdə olacaq. Serbiyanın Novi Sad şəhərindəki “Karadord” stadionunda baş tutacaq həmin qarşılaşma 17 iyula təyin edilib. Həmin gün UEFA kubokundakı digər təmsilçimiz – “Xəzər-Lənkəran” Polşanın “Lex” komandasını qəbul edəcək. “Olimpik” isə rəqibini iyulun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Qeyd edək ki, UEFA kubokunun püşkü atılarkən, “Xəzər-Lənkəran” və “Olimpik” klublarının ilk oyunlarının iyulun 17-də Bakıda keçirəcəkləri məlum olmuşdu. Lakin “Xəzər-Lənkəran” ev arenası qismində Lənkəran şəhər stadionu ilə yanaşı, Tofiq Bəhramov adına Respublika stadionunun da adını UEFA-ya göndərib. Bu səbəbdən qitə futbol qurumu iki oyunun eyni arenada baş tutma ehtimalını nəzərə alaraq, klublarımızın iştirakı ilə görüşlərin keçirilmə yerində dəyişiklik aparmaq qərarına gəlib.


0