Azərbaycan futbol yığması İtaliya klubu ilə qarşılaşacaq
04.07.2008 - 13:43
Azərbaycan futbol yığması İtaliya klubu ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Avstriyanın Vels şəhərində keçiriləcək “Yuxarı Avstriya kuboku” uğrunda yarışda iştirak edəcək Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (U-17) rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən yaydığı məlumata görə, yığmamız 1-ci qrupda mübarizə aparacaq. Yeniyetmə futbolçularımız İtaliyanın “A.S. Korlo” və Albaniyanın “Kinostudio” klublarını sınağa çəkəcək. İkinci qrupda isə “Brasov” (Rumıniya), “Orund” (Macarıstan) və “Adriatik Luşnya” (Albaniya) komandaları yer alıblar. Reqlamentə əsasən, qrupda ilk iki pillədə qərarlaşacaq kollektivlər yarımfinala yüksələcəklər. U-17-nin üzvləri iyulun 7-də Avstriyaya yollanacaqlar. Həmin gün start götürəcək yarış iyulun 12-də başa çatacaq. Bernard Lippertin rəhbərlik etdiyi kollektiv turnirdən sonra Almaniyanın Münhen şəhərinə yollanaraq, burada bir həftə təlim-məşq toplanışı keçəcək.
0