Rövnəq Abdullayev: “Vaxtilə Nigeriyadan Azərbaycana o qədər futbolçu gəlib ki, indi onların əksəriyyəti restoranlarda qapıçı işləyirlər”
05.07.2008 - 11:40
Rövnəq Abdullayev: “Vaxtilə Nigeriyadan Azərbaycana o qədər futbolçu gəlib ki, indi onların əksəriyyəti restoranlarda qapıçı işləyirlər”
Legionerlərə qoyulan limitin artırılmasının tərəfdarı olan assosiasiya başçısı əcnəbi futbolçulara qoyulan rüsumlarda da dəyişikliyi vacib sayıb: “Biz legionerlərin sifariş edilməsi ilə bağlı üzvlük haqlarını artırmaq istəyirik. Bununla öz oyunçularımızı qorumuş olacağıq. İqtisadiyyatda da belə qayda var ki, daxili bazarı qorumaq üçün idxal olunan məhsulların gömrük rüsumları artırılır. Əcnəbi futbolçulara görə rüsumları artırmaqla, həm də səviyyəsiz legionerlərin ölkəmizə axınının qarşısını almış olacağıq. İndiyədək Nigeriyadan Azərbaycana o qədər futbolçu gəlib ki, onları çoxu hazırda restoranlarda qapıçı işləyirlər. Klublar rüsumların artırılmasından sonra legioner siyasətinə xüsusi diqqət yetirəcək, səviyyəli əcnəbi futbolçuların transfer edilməsində maraqlı olacaqlar”.
Çempionatla bağlı məsələlərə toxunan AFFA prezidenti yığma komandaların da maraqlarını güddüklərini söyləyib. R.Abdullayev yaxşı, səviyyəli çempionat keçirmək istədiklərini bəyan edib: “Çempionatın səviyyəsinin qalxması yığmalarımızı da gücləndirəcək. Səviyyənin qalxmasının yolları isə çoxdur. Premyer Liqa klublarının əvəzedici komandalarının olması vacib şərtdir. Yeni mövsümdə əvəzedicilərin də çempionatı keçiriləcək. Bunların əsasını 21 yaşadək futbolçular təşkil edir. 21 yaşdan yuxarı 3-4 futbolçunun çıxış etməsinə icazə vermək olar. Bundan əlavə, klublarda 17 yaşlılardan ibarət komandaların da çempionatının keçirilməsi nəzərdə tutulub. Yeniyetmə futbolçuları, onların yer aldığı aşağı yaş qruplardan ibarət yığmaların səviyyəsinin artırılmasında maraqlıyıq. Bu işdə çalışan almaniyalı mütəxəssislərə ümidlərimiz böyükdür. İndiyədək çempionatda 160-170 futbolçu çıxış edirdisə, bundan sonra say 3 dəfə artacaq. Bu isə seçim imkanını genişləndirəcək”.
0