“Qarabağ” İsveçrə çempionatında oynayan futbolçunu heyətinə cəlb edib
05.07.2008 - 12:09
“Qarabağ” İsveçrə çempionatında oynayan futbolçunu heyətinə cəlb edib
Qızılcahamam. Mehman Süleymanov - APA-Sport. Türkiyədə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, Güvən Kocabal, Muammer və Abdulla Kurtun ardınca digər türkiyəli Ersin Yıldız da komandaya baxışa gəlib. 22 yaşlı futbolçu türkiyəli olmasına baxmayaq, karyerası boyunca yalnız İsveçrə klublarında çıxış edib. “Bazel” klubunun yetirməsi olan E.Yıldız sol cinah yarımmüdafiəçisi mövqeyində oynayır. O, “Qarabağ”ın heyətində yer alan sonuncu legioner olmayacaq. Ağdam klubu iyulun 22-dək davam edəcək Qızılcahamam toplanışında 5 yoxlama oyunu keçirməyi planlaşdırıb. Sabah Türkiyənin aşağı liqasında çıxış edən “Tarımkredispor” klubu ilə görüşəcək “Qarabağ” iyulun 18-də Superliqa təmsilçisi “Kayserispor”la yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, komandamızın türkiyəli baş məşqçisi Rasim Kara baxışa çağırdığı həmyerlilərinin, həmçinin yeni legionerlərin taleyinə yoxlama oyunlarında aydınlıq gətirəcək.
0