Gülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinə sədr təyin edilib
05.07.2008 - 13:47
Gülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinə sədr təyin edilib
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Hakim-İnspektorlar Komitəsinin yeni sədrinin Gülağa Cabbarovun olacağı rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı assosiasiyanın İcraiyyə Komitəsinin (İK) iclasında qərar çıxarılıb. G.Cabbarov son iki ildə komitəyə rəhbərlik edən Rüfət Əmirovu əvəzləyib. O, vaxtilə AFFA-nın Hakimlər Komitəsinə də rəhbərlik edib. G.Cabbarovun yeni komitəsində üzvləri kimi Bəşir Əliyev, Rauf Hüseynli, Qürbət Həsənov və Tofiq Şükürov təsdiqlənib. Bu ilin aprelində AFFA-nın Hakimlər Komitəsində Murad Məmmədovu əvəzləyən Xaqani Məmmədovun da təyinatı təsdiqlənib. Onun başçılıq etdiyi qurumda üzvü kimi təklif etdiyi Rafiq Pənahpur, Kərim Pənahpur, Ramiz Mustafayev və Səfər Haşımovun təyinatı da öz təsdiqini tapıb.
Apelyasiya və Ekspert Komissiyalarının birləşməsi ilə bağlı qərar çıxarılıb. Apelyasiya və Ekspert Komissiyası adlanan yeni quruma Muxtar Babayev rəhbərlik edəcək. O, Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətində vitse-prezident postunda çalışır. Bu komissiyada baş prokurorluğun nümayəndələrinin yer alacaq. Belə ki, M.Babayevin sədrlik etdiyi qurumun üzvləri kimi Heydər İsmayılov, Vasib Əkbərov, Anar Rzayev və Arif Fərəcov təsdiqlənib.
Qeyd edək ki, avqustun 9-da startı veriləcək Premyer Liqada yeni mövsümdə oyunların başlanma vaxtını Azərbaycan Peşəkar Futbol Liqası müəyyənləşdirəcək. Ramin Musayevin prezidenti olduğu qurum çempionatın keçirilməsinə cavabdehlik daşıyacaq. Premyer klublarının nəzdindəki 17 yaşlı komandaların yarışının avqustun sonunda keçirilməsi nəzərdə tutulub. 2009/10 mövsümündən başlayaraq, hər stadionunda yalnız bir komanda istifadə edə biləcək.
0