Artim Şakiri: “Futbolçu qazandığı pulun qarşılığını verməlidir”
07.07.2008 - 09:57
Artim Şakiri: “Futbolçu qazandığı pulun qarşılığını verməlidir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Komandamızda futbolçuların əksəriyyəti gənclərdir. Məşqdə çox həvəslə çalışır, hətta sərt oynamaqdan da çəkinmirlər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri deyib. 35 yaşlı futbolçu ölkəmizə gəlməsində “Bakı”nın baş məşqçisi Qyoko Hacievskinin məsləhətinin rol oynadığını bildirib: “Az qala elə birinci məşqdəcə məni zədələmişdilər. Amma gənclərin belə əzmkarlığı mənə xoş gəlir. Ambisiya, istək olan yerdə hər zaman nəticə qazanmaq mümkündür. Çox yaxın dostum olan Qyoko Hacıyevski Azərbaycanda çalışır. “Qarabağ”dan təklif gələndə dərhal onunla əlaqə saxladım. Sabiq məşqçim “Qarabağ”ın adını eşidən kimi mənə tərəddüdsüz razılaşmağı məsləhət gördü. Bunu komandanın baş məşqçisinin Rasim Kara olması və “Qarabağ”ın hədəfləri ilə izah etdi. Bu səbəbdən də razılıq verdim. Düzdür, artıq 35 yaşım var. Lakin peşəkarcasına yaşamağı bacarsan yaş amili elə də əhəmiyyət kəsb etmir. Düşünürəm ki, qazandığım təcrübə ilə “Qarabağ”a fayda verə bilərəm. Əgər özümü hazır hiss etməsəydim bura gəlməzdim. Futbolçu qazandığı pulun qarşılığını verməlidir. Lakin tək Şakiri ilə iş bitmir. Artim uğur qazanan kollektivin bir parçasıdır”. Qeyd edək ki, “Qarabağ”ın ötən ay müqavilə imzaladığı makedoniyalı A.Şakiri ağdamlıların yay fasiləsində ilk transferidir.
0