Çempionat görüşünə sərxoş çıxan FİFA hakimi kimdir?
09.07.2008 - 10:58
Çempionat görüşünə sərxoş çıxan FİFA hakimi kimdir?
Bakı. Mehman Süleymanov - APA-Sport. Belaruslu FİFA hakimi Sergey Şmolik ölkə çempionatının XIII turunda “Vitebsk” – “Naftan” görüşünü sərxoş halda idarə edib. “APA-Sport” agentliyinin məlumatına görə, qarşılaşmanı televiziya qarşısında canlı izləyən minlərlə tamaşaçı 43 yaşlı hakimin qəribə hərəkətlərinin şahidi olub. Meydanda çətinliklə irəliləyən S.Şmolik azarkeşlərin gülüş obyektinə çevrilib. Oyunu izləyən Belarus yığmasının almaniyalı baş məşqçisi Bernd Ştanqe isə baş hakimin hərəkətlərinə dözməyərək, “bu, əsl dəhşətdir” deyib. Sonradan onun spirtli içki qəbul etməsi təsdiqlənib. Maraqlıdır ki, oyunun hakim-inspektoru Nikolay Metelski S.Şmolikin matçdan əvvəl fiziki durumunun qeyri-qənaətbəxş olduğunu görsə də, onu ehtiyat hakimlə əvəzləməyi lazım bilməyib. Belarus Futbol Federasiyasının Hakimlər Komitəsi bu məsələ tam araşdırılanadək onu oyunlara buraxmamaqla bağlı qərar çıxarıb.
Qeyd edək ki, 1993-cü ildən FİFA hakimi olan S.Şmolik bu yüksək dərəcəni alan ilk belarusludur.
0