Georgi Xristov: “Karyeramı Azərbaycanda davam etdirməyi müsbət qiymətləndirirəm”
09.07.2008 - 17:32
Georgi Xristov: “Karyeramı Azərbaycanda davam etdirməyi müsbət qiymətləndirirəm”
Makedoniya milli komandasının sabiq futbolçusu bildirib ki, Azərbaycana gəlməsində baş məşqçi Qyoko Hacievskinin rolu olub: “Hacievskini çoxdandır tanıyıram. Onun rəhbərliyi altında yığmada çıxış etmişəm. Hacievskinin köməkçiləri və yeni transfer Draqan Naçevski də həmyerlilərimdir. Mənə Bakıda oynamaq təklifini bu mütəxəssis edib. Onunla söhbətimdə “Bakı”nın çox yaxşı, gələn mövsüm qarşısına yüksək hədəflər qoyduğunu dedi. Bu, mənim üçün böyük əhəmiyyət kəsb edir. Qarşısına yüksək hədəflər qoyan komandaya kömək etmək istəyirəm”. Vaxtilə Makedoniya milli komandasının heyətində Azərbaycana qol vuran G.Xristov yeni klubu haqda indi danışmağı erkən sayır: “Bu haqda 2-3 həftədən sonra danışmaq daha yaxşı olardı. Çünki ölkənizə yeni gəlmişəm və heç məşqə çıxmışam. Qarşıda Sloveniyada təlim-məşq toplanışı olacaq və mövsümə hazırlıq başa çatandan sonra komandanın gücü haqda daha dolğun fikir söyləmək olar. Hər halda, Hacievskinin güclü, iddialı komanda yaradacağına inanıram”. Vaxtilə İngiltərə Premyer Liqasında çıxış edən, son mövsümü isə Hollandiyanın birinci divizionunda “Den Boş” klubunda keçirən makedoniyalı hücumçu Azərbaycanda oynayacağını geriyə addım saymır: “Belə futbol ölkələrində çıxış etdikdən sonra karyeramı Azərbaycanda davam etdirməyi özüm üçün mənfi yox, müsbət qiymətləndirirəm. Peşəkar futbolçuyam və harada oynamaq mənim üçün ciddi fərq etmir. Azərbaycan futbolu haqda çox eşitmişdim. Burada çoxlu əcnəbi futbolçuların oynadığı haqda məlumatım var. Azərbaycanda oynamaqla, 10 il şərəfini qoruduğum milli komandaya qayıdacağımı düşünmürəm. Çünki həm ölkənizə bu məqsədlə gəlməmişəm, həm də artıq üç ildir yığmaya çağırılmıram”.
Qeyd edək ki, 1995-2005-ci illərdə Makedoniya yığmasında çıxış edən G.Xristov keçirdiyi 47 oyunda 17 qol vurub.
0