“Jerminal” klubunun qapıçısı: “Bakıda 30 min azarkeşin qarşısında mənə çətin olacaq”
10.07.2008 - 10:22
“Jerminal” klubunun qapıçısı: “Bakıda 30 min azarkeşin qarşısında mənə çətin olacaq”
İntertoto kubokunun ikinci mərhələsində “Neftçi” ilə qarşılaşacaq antverpenlilərin futbolçusu Bakıdakı cavab oyununda daha çox azarkeşlərdən çəkinir: “Matçın 85 dəqiqəsinin 0:0 olması və sonda həlledici qolu vurmağımız ideal olardı. Amma mən erkən qollarla oyunun taleyini həll etməyimizi istəyirəm. Görüşün əlavə vaxta, xüsusilə də penaltilər seriyasınadək uzanmasının əleyhinəyəm. Təsəvvür edin ki, tribunalarda olan 30 min tamaşaçının səsi altında penaltini dəf etmək üçün fikrimi cəmləməli, tam köklənməliyəm. Əsas qapıçının zədəli olduğu vaxtda mən də sözümü deməliyəm. İlk matçdan sonra qapıçılarla işləyən məşqçimiz müdafiəçilərlə anlaşmamın zəifliyinə irad bildirmişdi. “Neftçi”nin bundan yararlanmamağı üçün bu qüsuru da aradan qaldırmalıyam”. Komandasının əsas qapıçısı Kenni Stipin zədəli olduğu üçün etimad göstərilən K.Maes “Neftçi” haqda da yüksək fikirdədir. Qapıçı “Jerminal”ın baş məşqçisi Arm van Veldhovenin narazılığına səbəb olan qolu dəfələrlə izləyib: “Rəqibin belə güclü komanda olduğunu gözləmirdik. Onlar çox kompakt oyun göstərirdi. Üstünlük bizdə olanda isə bu komanda çox kəsərli hücumlarla gərginlik yaratmağı bacarır. Bakılıların heyətində bir neçə futbolçu var ki, çox yüksək fərdi ustalıq keyfiyyətlərinə malikdir. Taktiki cəhətdən isə ağıllı oynamaqlarına söz ola bilməz. Onların vurduğu qol da təmiz idi. Bəziləri əksini iddia etsə də, dəfələrlə təkrarını izlədim. Top xətti keçmişdi. Komanda daxili iclasda bu haqda müzakirələri aparmamağa qərar verdik. Onsuz da həmin oyun arxada qalıb”.
Qeyd edək ki, Antverpendə 1:1 hesablı heç-heçə edən “Neftçi” ilə “Jerminal”ın cavab oyunu iyulun 12-də saat 21:00-da başlayacaq.
0