“Xəzər-Lənkəran” klubu Avstriyadan məğlubiyyətlə qayıdır
10.07.2008 - 10:40
“Xəzər-Lənkəran” klubu Avstriyadan məğlubiyyətlə qayıdır
Zalsburq. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu Avstriyadakı hazırlıq prosesini məğlubiyyətlə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Zalsburqda təlim-məşq toplanışında olan Lənkəran təmsilçisi sonuncu yoxlama oyununu planlaşdırıldığı kimi Zaporojye “Metallurq”u ilə yox, Rumıniyanın “Arceş” klubuna qarşı keçirib. 10 il öncə Bakının “Dinamo” klubunu UEFA kubokunda ilk mərhələdə mübarizədən kənarlaşdıran “Arceş” lənkəranlıları 1:0 hesabı ilə məğlub edib. Yalnız ilk yoxlama oyununda Avstriyanın aşağı liqa klublarından birini darmadağın edən (8:0) “Xəzər-Lənkəran” sonrakı üç sınaq matçında qələbə üzünə həsrət qalıb. Belə ki, “Arceş”lə oyunadək Slovakiyanın “Slovan” klubuna uduzan (1:2) Ağasəlim Mircavadovun çalışdırdığı komanda Rumıniyanın digər təmsilçisi - “Politexnika” (Timişiora) komandası ilə 1:1 hesablı heç-heçə edib. Avstriyadakı iki həftəlik hazırlıq prosesini başa vuran “Xəzər-Lənkəran” bu gecə vətənə dönəcək.
Qeyd edək ki, A.Mircavadovun komandası UEFA kubokunda Polşanın “Lex” klubu ilə ilk oyunu iyulun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
0