Mübariz Mənsimov: “Prezident olmaq istəsəydim, Türkiyə və ya Avropada məşhur bir klub alardım”
21.07.2008 - 11:44
Mübariz Mənsimov: “Prezident olmaq istəsəydim, Türkiyə və ya Avropada məşhur bir klub alardım”
- Son vaxtlar mətbuatda “Beşiktaş” klubunun prezidenti olacağınız barədə xəbərlər yayılıb. Həqiqətən belə bir istəyiniz varmı?
- Bu mövzu ilə əlaqədar ilk dəfə danışıram. Əvvəla, cəmi 8 ay öncə “Beşiktaş”ın İdarə Heyətinə üzv seçilmişəm. Klubun prezidenti postuna iddia göstərmək üçün üzvlük müddəti 5 il olmalıdır. Bundan daha önəmli məqam var ki, bu da mənim prezident olmaq istəməməyimdir. Əgər belə istəyim olsaydı, Azərbaycanda öz şəxsi klubuma rəhbərlik edərdim. Yaxud, Türkiyə və ya Avropada məşhur bir klub alıb, prezidentə çevrilərdim. Mən iş adamıyam, vaxtım yoxdur. Həqiqətəuyğun olmayan xəbərlər yayılan kimi, şayiələrin qarşısını almaq məqsədilə “Beşiktaş”a məktub göndərdim. Onlara yazdım ki, “Beşiktaş”ın azarkeşi olmaqdan başqa tələbim yoxdur.
- “Beşiktaş”a 50-100 milyon dollar xərcləyəcəyiniz də bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- “Beşiktaş” 105 illik tarixə malik klubdur. Burada çox dəyərli insanlar, iş adamları yer alırlar. Əslində, böyük və ya kiçik məbləğli puldan danışmaq düzgün deyil. Bunu “Beşiktaş” rəhbərliyinə layiq mövzu saymıram. Uyğun zaman və müvafiq şərtlər olacağı təqdirdə, bu ehtiyacları qarşılamaq mümkündür. Mənim üçün 105 illik klubun azarkeşi olmaq, pulla ölçülməyəcək qürurdur.
- “İsmət İnönü” stadionunda loja almaq istəyiniz baş tutmadı. Nəyə görə öncə bu işə qarışıb, daha sonra fikrinizdən vaz keçdiniz?
- Bir sıra ölkələrdə şirkətimiz var. Ancaq işlərimizlə əlaqədar vaxtımızın əksər hissəsini Türkiyədə, xüsusilə İstanbulda keçiririk. Mən “Beşiktaş”ı sevirəm. Dostlarımla qərara gəldik ki, “Beşiktaş”ın oyunlarına stadiondan baxaq. “İsmət İnönü”də 110 min dollara loja aldıq. Lakin qarşı tərəfdən bildirdilər ki, “ümumilikdə 300 min dollar verin, lojada reklam lövhələri də yerləşdirək”. Mən də əsəbiləşdim və loja almaq fikrindən daşındım. Bu hadisə mətbuatda yayıldıqdan sonra “Beşiktaş”ın prezidenti cənab Yıldırım Dəmirörənlə görüşdük. O, anlaşılmazlıq olduğunu və loja kartlarını hazırlatdırdığını söylədi. Amma loja almaqla bağlı qəti qərar verməmişəm.
- Sizin gücünüz “Beşiktaş”ın hazırkı rəhbərliyi qorxuda bilərmi?
- Sadəcə, mən azarkeşəm. Sevdiyim komandanın oyunlarını izləmək üçün fəaliyyətdəyəm. Mənim tribunada əyləşməyim insanları nəyə görə qorxutmalıdır ki? Əksinə, məni tribunada görəndə onların sevindiklərini düşünürəm.
0