Rəşad Sadiqov: “Yeqorovun qərarı mənə çox pis təsir etdi”
21.07.2008 - 13:15
Rumıniya təmsilçisi “Vaslui” ilə ilk görüşdə qələbə topunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, azarkeşlərin möhtəşəm dəstəyi uğurda böyük rol oynayıb: “Sevinirəm ki, bu layiqli qələbədə mənim də payım oldu. Georgi Çelidze meydana daxil olarkən ehtiyat hakimin göstərdiyi tabloda 6 rəqibinin görərək, əvəzləndiyimi düşündüm. Ancaq məşqçiyə özümü yaxşı hiss etdiyimi deyəndən sonra meydanda qaldım. Vurduğum qolla etimadı doğruldub, komandamıza vacib qələbə qazandırdığımıza görə çox şadam. Həm “Nitra”ya, həm də “Vaslui”yə vurduğum qollar uzaq məsafədən zərbələr üzərində çalışmağımın bəhrəsidir. Belə ki, hələ Anatoli Demyanenkonun gəlişinə qədər də məşqdən sonra qapıçılarımızdan birini saxlayıb, qapıya zərbələr vururdum”. İntertotoda vurduğu iki qolla “Neftçi”nin ən sərrast oyunçusuna çevrilən R.Sadiqov özünü bombardir kimi hiss etmir. Komandasının qələbəsini özünün fərqlənməyindən daha üstün tutan orta sahə oyunçusu “Vaslui” ilə Rumıniyadakı cavab görüşünə azarkeş kimi yollanmalı olacaq: “Cəza səbəbindən komandama səfərdə kömək edə bilməyəcəyimə görə üzülürəm. Əslində, baş hakim İqor Yeqorovun həmin epizodda səhv etməsini matçın videoyazısında şahid olduq. Rəqib ayağıma vurduğundan yerə yıxıldım. Yeqorov sarı vərəqəni çıxaranda onu rumıniyalı oyunçuya göstərəcəyini zənn etdim. Ancaq o, simulyasiya etdiyimi düşünərək, mənə haqsız vərəqə göstərdi. Hakimin səhvi mənə çox pis təsir etdi. Elə buna görə rusiyalı hakimləri dünya və Avropa çempionatının final mərhələsinə aparmırlar. Yeqorov “Jerminal”la Bakıdakı oyunumuzu idarə edən ingiltərəli həmkarından fərqli vərəqələri sağa-sola paylamaqla məşğul idi”. Şansları bərabər hesab edən R.Sadiqov itkiləri ön plana çəkir: “Mənimlə yanaşı, Aleksandr Çertoqanovla Vladimir Olifer də iki sarı vərəqəyə görə cavab görüşünü buraxacaq. Cəzası bitən Rail Məlikovun qayıdışı yerinə düşsə də, iki oyunçunun yoxluğu bizim üçün çətin olacaq. Bizə heç-heçə sərf etdiyini nəzərə alsaq, UEFA kubokuna çıxacağımıza inanıram”.
0
0