“Qarabağ” Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusu ilə müqavilə imzalayıb
22.07.2008 - 15:00
“Qarabağ” Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusu ilə müqavilə imzalayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Ağdamın “Qarabağ” klubu Türkiyədəki hazırlıq prosesini başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Qızılcahamamda üç həftəlik təlim-məşq toplanışında olan komandamız bu gecə Bakıya qayıdacaq. “Qarabağ”ın 22 futbolçu ilə dönən heyəti arasında yeni transferləri olmayacaq. Məsələ ondadır ki, məşqlərini iyulun 26-da bərpa edəcək Ağdam klubunun istirahətə buraxılmasından istifadə edən yeni futbolçular ölkəmizə bir qədər sonra gələcək. Hazırlığa yollananadək Makedoniya yığmasının sabiq kapitanı, 35 yaşlı yarımmüdafiəçi Artim Şakiri ilə müqavilə bağlayan “Qarabağ” Türkiyədə üç transfer reallaşdırıb. Bunlar makedoniyalı Zəkəriyyə Ramazani, türkiyəli Muammer və Sədat Sainidir. Hər üç futbolçu ilə müqavilə imzalandığından, onların keçidi artıq rəsmiləşib. Son transfer olan S.Saini Bosniya və Herseqovina vətəndaşlığını daşıyır. Türk əsilli futbolçu 1985-ci ilin iyunun 26-da Makedoniyada anadan olub. 23 yaşlı hücumçu 2003-cü ildə Türkiyənin “Gənclərbirliyi” klubuna keçib və beş illik müqavilə imzalayıb. “Gənclərbirliyi” ilə anlaşması bu ayın 24-də başa çatan S.Saini icarə əsasında Slovakiyada çıxış edib. Belə ki, o, “Sport Podbrezova” və “Qarabağ”ı UEFA kubokundan kənarlaşdıran “Dukla Banka Bıstritsa” klublarında oynayıb.
0