Vaqif Sadıqov: “İddiasız klubda işləmərəm”
22.07.2008 - 16:51
Vaqif Sadıqov: “İddiasız klubda işləmərəm”
Sumqayıt. Mehman Süleymanov - APA-Sport. “Gənclərbirliyi”ndən ayrılmamışam. Hələ də klubun vitse-prezidenti vəzifəsini daşıyıram. Komandanın dağılması AFFA-ya çempionatda çıxış etməməklə bağlı müraciətdən sonra rəsmiləşmiş olacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov deyib. Onun sözlərinə görə, mütəmadi söhbətləşdiyi klubun prezidenti İlqar Nuriyevin fəaliyyətini dayandırmaları ilə bağlı bəyanatı müəyyən mənada həqiqəti əks etdirir: “Komandanı təkbaşına saxlamaq qeyri-mümkündür. Sumqayıt şəhər rəhbərliyi kluba sponsor tapacaqlarına söz verib. Buna görə də bir qədər gözləmək lazımdır, hər an yaxşılığa doğru dəyişiklik ola bilər”. Klub prezidenti futbolçularına azad agent statusu verilməsi ilə sənəd imzalayıb. V.Sadıqov son iki ildə çalışdığı “Gənclərbirliyi”nin hazırlıq baxımından gecikməsi ilə razılaşıb: “Düzdür, peşəkarlıq baxımından bu heç də yaxşı hal deyil. Ötən mövsüm də 10 gün qalmış hazırlığa başlayıb, çempionata qatıldıq. Bu da sonda Premyer Liqanı tərk etməyimizlə nəticələndi. Birinci divizionda yeni mövsümün avqustun 20-dən sonra başlayacağı ilə məlumat almışam və hələ vaxtımız var”. Milli komandamızın 49 yaşlı sabiq baş məşqçisi iddialı klubda çalışmaq fikrində olduğunu söyləyib: “Son iki ildə klub funksioneri kimi çalışsam da, əslində məşqçiyəm. “Gənclərbirliyi”nin çıxış etməyəcəyi rəsmiləşəndən sonra harada çalışmağımı nəzərdən keçirəcəyəm. Bir neçə variantlar olub ki, açığı, onları ciddi qəbul etməmişəm. İddiası, şəraiti olmayan klubda baş məşqçi işləmərəm”.
0