Azərbaycan futbolunda yeni rekord müəyyənləşib
23.07.2008 - 10:02
Azərbaycan futbolunda yeni rekord müəyyənləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan klubları avrokuboklarda 4 il əvvəl müəyyənləşdirdiyi rekordu təkrarlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasında çıxış edən Bakının “İnter” klubu mərhələ adlamaqla 2008/09 mövsümündə belə uğur qazanan ikinci Azərbaycan komandası olub. Makedoniya “Rabotniçki”sini iki oyunun nəticəsində (0:0 və 1:1) üstələyən ölkə çempionuna qədər “Neftçi” də İntertoto kubokunda rəqiblərini mübarizədən kənarlaşdırmışdı. Üçüncü mərhələyə çıxan flaqman kimi, ən azı bir cütdə qalib olan “İnter” 2004/05 mövsümündə qeydə alınan rekordun təkrarlanmasını rəsmiləşdirdi. Belə ki, Azərbaycan futbolu tarixində yalnız bir dəfə bir ildə iki klub mərhələ adlamışdı.
Maraqlıdır ki, 4 il əvvəl də elə eyni klublar eyni turnirlərdə uğur qazanıb. 2004/05 mövsümündə “Xəzər Universiteti” adı altında son oyunlarını keçirən “İnter” İntertoto, “Neftçi” isə Çempionlar Liqasında ilk səddi aşmışdı. Dörd il sonra flaqman İntertoto, “İnter” isə çempionların turnirində müvəffəqiyyət qazanıb. Lakin 2004-cü ildən fərqli, “Neftçi” bir yox, artıq iki mərhələ keçib ki, bu da 14 illik avrokubok tarixində yeni rekorddur. İndiyədək komandalarımız üst-üstə 3 mərhələ keçməmişdi. UEFA kubokundakı təmsilçilərimiz “Xəzər-Lənkəran” və “Olimpik” bu rekordun yenilənməsi üçün mərhələ keçməlidir.
Qeyd edək ki, 4 il əvvəl UEFA kubokunda çıxış edən “Qarabağ” və “Şəmkir” paytaxt klublarının uğurunu davam etdirə bilməmişdi.
0