Bakının “İnter” klubu Çempionlar Liqasının ikinci mərhələsinə yüksəlib
23.07.2008 - 10:06
Bakının “İnter” klubu Çempionlar Liqasının ikinci mərhələsinə yüksəlib
Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən komandamız Skopyedə keçirilən cavab görüşündə də rəqibi ilə bərabərliyə qalıb – 1:1. “Rabotniçki” ikinci hissə başlayan kimi (46-cı dəqiqə) hesabı açmağa müvəffəq olub. Komanda yoldaşından ötürməni qəbul edən hücumçu Krste Velkovski müdafiəçilərimizi və qapıçımızı qabaqlamaqla, topu tora göndərib. “İnter” məğlubiyyətdən son 15 dəqiqədə xilas olub. Meydana yenicə daxil olan Elvin Məmmədov sol cinahda rəqibini aldadaraq, Bronislav Çervenkaya əlverişli ötürmə verib. 33 yaşlı çexiyalı yarımmüdafiəçi topu saxlamadan birbaşa qapıdan keçirib. Bununla da “İnter”in avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşən B.Çervenka həm bir ildir şərəfini qoruduğu komandada qol hesabını açıb.
Komandalar oyunu 10 nəfərlə başa vurub. Belə ki, görüşü idarə edən israilli FİFA hakimi Asaf Kenan uzatma dəqiqələrində əvvəlcə müdafiəçi Aleksandar Krstevskini Valter Quqlemona qarşı sonuncu ümid foluna görə meydandan qovub. A.Kenan tibbi yardımdan sonra “İnter”in 30 yaşlı uruqvaylı hücumçusuna də birbaşa qırmızı göstərməklə onun meydana daxil olmasına imkan verməyib. Buna səbəb V.Quqlemonun rəqibin kobudluğuna eyni şəkildə cavab verməsi idi. Bu məhsuldar heç-heçə Azərbaycan çempionuna mərhələ adlamağa yetərli olub. Çünki mövcud qaydalara görə, rəqib meydanında vurulan qol qonaq komandaya əlavə üstünlük verir.
“İnter” ÇL-nin ikinci təsnifat mərhələsində Serbiyanın ən titullu klublarından olan Belqradın “Partizan” komandası ilə görüşəcək. İlk oyun iyulun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0