“Qəbələ” 10 futbolçu ilə müqavilə bağlayıb
23.07.2008 - 17:24
“Qəbələ” 10 futbolçu ilə müqavilə bağlayıb
İzmit. Mehman Süleymanov - APA-Sport. “Qəbələ” klubu Türkiyədəki hazırlıq prosesində ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ramiz Məmmədovun çalışdırdığı komanda növbəti yoxlama oyununda yerli “Adanaspor” klubunu 1:0 hesabı ilə məğlub edib. Qəbələlilər Türkiyənin aşağı Liqasında çıxış edən rəqibin qapısından yeganə qolu matçın 5-ci dəqiqəsində serbiyalı müdafiəçisi Miliya Jiliçin sayəsində keçirib. Komandasının oyunundan razı qalan R.Məmmədov sonuncu yoxlama matçını sabah Superliqa təmsilçisi “Vestel Manisaspor” klubu ilə keçirməyi və ertəsi vətənə dönməyi planlaşdırıb. İlk yoxlama oyununda Superliqa təmsilçisi “Konyaspor”la qolsuz heç-heçə edən “Qəbələ” ardından İran çempionu, Tehranın “İstiqlal” klubuna 0:1 hesabı ilə uduzub. Mövsümlərarası fasilədə transfer çalışmalarının başa çatdıran komandamızın son transferləri braziliyalı Tyaqu ilə iranlı Fərzad Hatəmi olub. Hər iki əcnəbi hücumçu ilə İzmitdə bir illik müqavilə imzalanıb. Yeni mövsümdə sərəncamında 23 futbolçu olacaq R.Məmmədov 10 yeni transfer reallaşdırıb. Bunlar qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Elnur Abbasov, serbiyalı Miliya Jiliç, yarımmüdafiəçilər Vüsal Hüseynov, gürcüstanlı Qoqa Beraya, bolqarıstanlı Asen Nikolov, hücumçular Fərrux İsmayılov, Kənan Kərimov, braziliyalı Tyaqu və iranlı Fərzad Hatəmidir. “Turan” və “Bakı”da çıxış edən A.Nikolov zədəli olduğu üçün “Adanaspor”la görüşü buraxıb və son sınaq matçında da iştirak etməyəcək. 32 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi olmadığı üçün, o, tezliklə oynayacaq. “Adanaspor”la görüşdə zədə alan K.Kərimovla V.Hüseynovun da zədələri yüngüldür.
0