“Rabotniçki”nin qapıçısı Quqlemonun anasına söyüb”
24.07.2008 - 14:32
“Rabotniçki”nin qapıçısı Quqlemonun anasına söyüb”
Bakı. Mehman Süleymanov - APA-Sport. Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) Bakının “İnter” klubuna faks daxil olub. Bu haqda “APA-Sport” agentliyinə komandanın prezidenti Georgi Nikolov məlumat verib. Qitə futbol qurumu göndərdiyi rəsmi məktubda Çempionlar Liqasının birinci təsnifat mərhələsində Makedoniyada “Rabotniçki” ilə görüşdə qırmızı vərəqə alan uruqvaylı hücumçu Valter Quqlemonla bağlı Bakı təmsilçisini məlumatlandırıb: “UEFA Quqlemonun qırmızı vərəqəyə görə Serbiyanın “Partizan” klubu ilə ilk görüşü buraxmalı olduğunu göstərib. Uruqvaylı futbolçunun neçə oyunluq cəzalanması isə iyulun 29-da bəlli olacaq. Belə ki, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi həmin gün keçirəcəyi yığıncaqda Valterin diskvalifikasiyası haqda qərar çıxaracaq. Hücumçumuz birbaşa qırmızı vərəqə aldığı üçün, o, “Partizan”la Belqradda keçiriləcək cavab görüşündə də bizə kömək edə bilməyəcək”.
G.Nikolov “Rabotniçki” ilə oyunu idarə edən israilli FİFA referisi Asaf Kenanın matçın protokolunda qeyd apardığını söyləyib: “Hakim futbolçumuzu meydanda qovmasına səbəb kimi protokolda idmançıya yaraşmayan hərəkət göstərib ki, bu da 2-3 oyunluq cəza deməkdir. Quqlemon bizi çətin vəziyyətdə qoydu. O, sonradan mənimlə söhbətində bu hərəkətini təhqir olunmasına dözməməyi ilə əsaslandırdı. Valterin sözlərinə görə, “Rabotniçki”nin qapıçısı onun anasına ispanca söyüb”.
0