Anatoli Demyanenko: “Hər şey yaxşı olacaq”
25.07.2008 - 14:53
Anatoli Demyanenko: “Hər şey yaxşı olacaq”
Onun sözlərinə görə, UEFA kubokuna vəsiqə uğrunda Rumıniyanın “Vaslui” klubu ilə cavab görüşündə heyətdəki itkiləri hiss etdirməməyə çalışacaqlar: “Sözsüz ki, səfər matçında birdən-birə üç əsas futbolçumuzun yoxluğu işimizi çətinləşdirir. Bu itkilər azmış kimi, pasport problemini həll etməyən Xose Karlos da bizi pis vəziyyətdə qoydu. Belə olacağını bilsəydik, onun adını UEFA-ya göndərilən iştirak ərizəsindən çıxarıb, yerinə Svetoslav Stefanovu sifariş edərdik. Futbolçuların problemlərə görə ruhdan düşməməyi üçün psixoloji hazırlığa xüsusi diqqət yetiririk”.
“Vaslui”ni güclü rəqib hesab edən A.Demyanenko bildirib ki, balanslaşmış heyətə malikdir: “İndiyədək Rumıniyada həm futbolçu, həm də məşqçi, mərhum Valeri Lobanovskinin köməkçisi kimi oyunlarım olub. Bu ölkənin təmsilçiləri ev oyunlarında güclü dəstəyinə malik olurlar. Bu isə görüşün taleyinə həlledici təsir göstərən amildir. “Vaslui” ilə görüşdə də stadionda belə ab-hava olacağını gözləyirəm. Futbolçulara tribunalara baxmamağı tapşırmışam. Başını aşağı salıb, öz oyununu oynamaq lazımdır”. Ukraynalı çalışdırıcı cavab görüşündə əsas heyəti hələ müəyyənləşdirmədiyini söyləyib. O, bunu həmişə oyun günü etməsi ilə əsaslandırıb: “Bizi növbəti mərhələyə heç-heçə də çıxarır. Ancaq buna nail olmaq yox, qələbə qazanmaq haqda düşünürük. Heç-heçəni qorumaq fikrində olsaq, müdafiədə otursaq, bunun acısını çəkmiş olacağıq. 2:1 hesablı üstünlük sürüşkən olur. Yəni, 0:1 hesabı ilə uduzsaq, mübarizəni dayandırmış olacağıq. Buna görə də rəqib meydanında qol vurmaq lazımdır. Rumıniyada psixoloji planda davam gətirməliyik. Yetirmələrim meydanda göstərişlərimi yerinə yetirsə, hər şey yaxşı olacaq. Mən buna əminəm. İnşallah, iki oyundan ibarət kubok mübarizəsi bu dəfə də mənim üçün uğurlu olar”.
0