Viorel Hizo: “Neftçi” orta səviyyəli futbolçulardan təşkil olunub”
28.07.2008 - 12:10
Viorel Hizo: “Neftçi” orta səviyyəli futbolçulardan təşkil olunub”
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Neftçi”ni UEFA kubokuna vəsiqədən məhrum edən Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi Viorel Hizo deyib. İntertotonun qaliblərindən olan rumıniyalı mütəxəssis komandamızın iki mərhələ adlamasını təsadüfi saymır: “İlk növbədə onu deməliyəm ki, mən xüsusi bir komanda ilə görüşdüm. “Neftçi” orta səviyyəli futbolçulardan təşkil olunsa da, avrokuboklara belə uğurlu çıxış etdi. Həm Azərbaycan klubunun, həm də “Vaslui”nin nəticəsini qənaətbəxş saymaq lazımdır”. V.Hizo “Neftçi” üzərində qələbəni məntiqəuyğun hesab edir: “Biz bu turnirə yaxşı hazırlaşmışdıq. Almaniyadakı təlim-məşq toplanışında keçirdiyimiz 6 yoxlama oyunu Bakıdakı görüşü öncəsi vacib idi. Bu mənada “Neftçi” üzərində qazandığımız qələbə sensasiya yox, normal nəticədir. Heç şübhəsiz ki, bir az bəxtimiz də gətirdi. Çünki hesab 0:0 olarkən “Neftçi”nin qol vurmaq üçün real imkanı oldu. Rəqib bundan yararlansaydı, oyun başqa məcrada keçə bilərdi. Ancaq futbolçularımız hələ fasiləyədək vacib qollar vurmaqla, sonda növbəti mərhələyə vəsiqəni qazandılar”.
Qeyd edək ki, “Vaslui” “Neftçi”yə Bakıda 1:2 hesabı ilə uduzub, öz meydanında isə 2:0 hesabı ilə qələbə qazanıb.
0