Premyer Liqa klubları gəlirlərinin 25 faizini Peşəkar Futbol Liqasına köçürəcək
28.07.2008 - 15:15
Premyer Liqa klubları gəlirlərinin 25 faizini Peşəkar Futbol Liqasına köçürəcək
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Premyer Liqada iştirak edən klub nümayəndələri ilə bu gün AFFA-nın inzibati binasında keçirilən görüşü səmərəli hesab edən R.Musayevin sözlərinə, çempionatın əsasnaməsində bir sıra dəyişiklər olacaq: “İndiyədək qalibləri müəyyənləşdirərkən qələbə sayı əsas götürülürdü. Ancaq indi şəxsi oyunlardakı nəticə əsas götürüləcək. Ötən mövsümdən “qızıl oyun”un ləğv olunması yenə qüvvədə qalır. Premyer Liqa oyunları yenə şənbə və bazar günləri keçiriləcək. “İnter”, “Olimpik” və “Standard”la yanaşı, yüksək liqaya qayıdan MOİK-in də ev oyunlarını “Şəfa” stadionunda keçirdiyini nəzərə alsaq, bu arenada sıxlıq olacaq. Biz də problemin qarşısını almaq üçün belə qərara gəldik ki, bu dörd komandadan ikisi bir həftə evdə oynayanda, o biri ikisi səfərdə çıxış etsin. Bu, iyulun 30-da keçiriləcək püşkatma zamanı komandaların adları səbətlərdə yerləşdirilərkən nəzərə alınacaq. İndiyədək qonaq komanda stadionun azarkeş tutumunda asılı olaraq, biletlərin 5 faizini ala bilirdisə, indi bu rəqəm 20 faiz təşkil edəcək. Qalan 80 faiz meydan sahiblərin səlahiyyətindədir”. PFL prezidenti əvəzedici komandalarla bağlı da dəyişikliyin edildiyini söyləyib: “İcraiyyə Komitəsinin iyulun 5-də keçirdiyi qərara əsasən, əvəzedicilərin oyunları əsas komandadan bir gün sonra keçirilməli, əvəzediciləri meydana çıxmayan klublara texniki məğlubiyyət verilməli idi. Ancaq klubların təklifi ilə bu məsələyə yenidən baxdıq. Sonda qərar qəbul etdik ki, əvəzedicilər əsas komandadan bir gün əvvəl oynasın. Onlar meydana çıxmayanda isə klublar 5000 manat məbləğində cərimələnəcək. Əsas komandadan fərqli, əvəzedicilərin çempionatında 3 yox, 5 əvəzetməyə icazə veriləcək”. R.Musayev oyunların yayım məsələsinə də xüsusi diqqət yetiriləcəyini söyləyib: “Klublar əvvəllər olduğu kimi, ev oyunlarını öz operatorları vasitəsilə videolentə köçürəcək. Turun vacib oyunlarını isə biz də çəkəcəyik. Bu məqsədlə həmin matça çəkiliş qrupu göndərəcəyik ki, bu da üç operatordan ibarət olacaq. Oyunlar yayım hüququ yenə meydan sahibi olan klublarda qalır ki, onlara bu məsələyə barmaqarası baxmamaq tövsiyə olunub. Reklam məsələlərindən gəlirlər indiyədək klublarla AFFA arasında yarıbayarı bölünürdüsə, bundan sonra vəziyyət fərqli olacaq. Belə ki, reklamdan mənfəətin 75 faizi klubların, 25 faizi Peşəkar Futbol Liqasının hesabına köçəcək”.
0