“İnter” sabah Çempionlar Liqasında növbəti matçına çıxacaq
28.07.2008 - 16:38
“İnter” sabah Çempionlar Liqasında növbəti matçına çıxacaq
Vaxtilə Çempionlar Kubokunun finalçısı olan Belqrad təmsilçisi ÇL-nin yeni mövsümündə debütünü Bakıda edəcək. Azərbaycan indiyədək bu nüfuzlu turnirin ikinci mərhələsində üç dəfə təmsil olunub ki, bunların biri “Şəmkir”, ikisi isə “Neftçi” ilə bağlıdır. Hər üç halda klublarımız mübarizəni elə ikinci mərhələdən sonra dayandırıb. Bu azmış kimi, nə “Şəmkir”, nə də “Neftçi” ÇL-nin ikinci mərhələnin ilk oyununda qələbə qazana bilib. Şəmkirin eyni adlı təmsilçisi Çexiyada “Slaviya” klubuna minimal (0:1), “Neftçi” Belçikada “Anderlext” klubuna böyük hesabla (0:5) uduzub. Hər iki halda komandamızın sükanı arxasında Ağasəlim Mircavadov olub. Yalnız Kazbek Tuayev “Neftçi”nin çalışdırarkən, 2004-cü iyulun 27-də Moskvanın MOİK klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş heç-heçə başa çatıb – 0:0.
Göründüyü kimi, klublarımız ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunda nəinki qələbə qazanıb, heç qol da vura bilməyib. “İnter” bu mənada siftə edə bilər ki, V.Xodukinin komandası ÇL-də debütündə mərhələ adlayan ilk klubumuz kimi artıq tarixə düşüb. Onu da nəzərə almaq lazımdır ki, son Azərbaycan çempionu bu turnirdə hələ ki qələbə üzünə həsrətdir. ÇL-nin ilk mərhələsində Makedoniyanın “Rabotniçki” komandasıyla hər iki oyunda heç-heçə edən (0:0 və 1:1) “İnter” rəqib meydanında vurulan qol sayəsində mərhələ adlamağa müvəffəq olub. Klublarımız Serbiya təmsilçiləri ilə indiyədək avrokuboklarda bir dəfə qarşılaşıb ki, həmin rəqib olan “Srvena Zvezda” da Belqradı təmsil edir. “Partizan”ın çempionluq uğrunda prinsipial rəqiblərindən olan “Srvena Zvezda” 1999-cu ildə UEFA kubokunda “Neftçi”ni hər iki oyunda minimal hesabla məğlub edib – 3:2 və 1:0. “İnter”in əsas oyun qurucusu olan Mahmud Qurbanov həm “Şəmkir”, həm də “Neftçi” ilə mərhələ adladığını nəzərə alsaq, üçüncü dəfə ÇL-nin ikinci təsnifat mərhələsinin iştirakçısı olacaq.
Saat 19:00-da başlayacaq “İnter” – “Partizan” oyununu Tomas Mikulskinin başçılıq etdiyi polşalı hakimlər briqadası idarə edəcək.
0