Tofiq Bəhramov adına Respublika stadionundan yenə “Neftçi” və “Bakı” klubları yararlanacaqlar
28.07.2008 - 17:23
Tofiq Bəhramov adına Respublika stadionundan yenə “Neftçi” və “Bakı” klubları yararlanacaqlar
Bakı. Elşən Məmmədov – APA-Sport. 2008-2009 mövsümündə Tofiq Bəhramov adına Respublika stadionunda yalnız “Neftçi” və “Bakı” klubları ev oyunlarını keçirəcəklər. Bu haqda “APA-Sport” agentliyinə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. A.İsmayılov bildirib ki, artıq hər iki klubla bir illik müqavilə bağlanıb: “Hələ bir müddət öncə “Bakı”nın rəqiblərini stadionumuzda qəbul edəcəyi məlum idi. Bu gün isə “Neftçi” klubu ilə müqavilə bağlamışıq. Yəni, yığma komandamızla yanaşı, bu iki klubumuz gələn mövsüm də ev oyunlarını stadionumuzda keçirəcəklər”. A.İsmayılov ötən mövsümlərdən fərqli, rəhbərlik etdiyi stadionun meydançasından “Neftçi” və “Bakı” komandalarının Premyer Liqanın eyni turu ərzində yararlanmayacaqlarını əlavə edib. O, artıq AFFA qarşısında müvafiq təkliflə çıxış etdiyini və müsbət razılıq aldığını bildirib.
Qeyd edək ki, bir müddət öncə «Neftçi»nin rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcəyi bildirilirdi.
0