Naxçıvan Dövlət Universitetinin futbol komandası Avropa çempionatında altıncı yeri tutub
29.07.2008 - 13:04
Naxçıvan Dövlət Universitetinin futbol komandası Avropa çempionatında altıncı yeri tutub
Naxçıvan. Ceyhun Qurbanoğlu - APA-Sport. Azərbaycanlı tələbələr futbol üzrə VI Avropa çempionatında VI yeri tutub. Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat xidmətinin rəhbəri Mehriban Sultanın “APA-Sport” agentliyinə verdiyi məlumata görə, ölkəmizi təmsil edən NDU-nun “Universitet” komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan yarışda J qrupunda mübarizə aparıb. İlk oyunda Finlandiyanın tələbələrdən ibarət komandasını 2:1 hesabı ilə məğlub edən “Universitet” qrupun ən güclüsü sayılan fransalı tələbələrə uduzub – 0:3. Yunanıstan tələbələrinin çempionata gəlməməsi ucbatından komandamıza texniki qələbə verilib. 6 xalla növbəti mərhələyə yüksələn “Universiet” A qrupunun qalibi olan Almaniyanın Bohum Universitetinin komandasına yenilib – 1:2. İtaliya ilə qarşılaşmanın nəticəsini isə əsas vaxtı bərabərliklə (2:2) nəticələnən oyundan sonra penalti zərbələri həll edib. Burada 4:2 hesablı qələbə qazanan komandamız 16 iştirakçı arasında VI yeri tutub. Avropa çempionatının qalibi adına Fransanın KN Universiteti-komandası layiq görülüb. II və III yerləri isə müvafiq olaraq Ukraynanın Maup və İvano-Frankovsk Universitet futbol komandaları tutub.
0