Nadir Qasımov: “Kiçik hədəf uğrunda mübarizə aparmağı sevmirəm”
29.07.2008 - 15:07
Nadir Qasımov: “Kiçik hədəf uğrunda mübarizə aparmağı sevmirəm”
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Bakılı” klubunun baş məşqçisi Nadir Qasımov deyib. Ölkəmizə ilk dəfə yunanıstanlı futbolçuları gətirən “Bakılı” klubunun çalışdırıcısı bu addımı təsadüfi saymır: “Hələ 1992-ci ildə “Bakı Fəhləsi” klubunu çalışdırdığım dövrdə bu ölkədə hazırlıq keçmişdik. Yerli OFİ komandası bizə orada lazımı şərait yaratmışdı. Yunanıstanda yaxşı münasibət gördüyümdən bu ölkəyə simpatiyam yaranmışdı. Klub prezidenti Misir Əbilovun razılığından sonra orada təlim-məşq toplanışı keçməyi planlaşdırmışdıq. Sadəcə, bəzi səbəblərdən səfər baş tutmadı və belə olan halda, Yunanıstandan üç futbolçunu baxışa çağırdıq. Onlardan bəyəndiyimiz iki futbolçunu seçdik”. “Bakılı”nı vaxtilə güclülər dəstəsində mübarizə apardığı dövrdə də çalışdırmış N.Qasımovun sözlərinə görə, mövsümə xaricdə hazırlaşmamağın komandanın çıxışına mənfi təsir göstərməyəcək: “Buzovna və Qaradağdakı təlim-məşq toplanışımız zamanı şərait yüksək səviyyədə idi. Komandamız mövsümə yaxşı hazırlaşa bilib, xeyli yoxlama oyunu keçirmişik. Seleksiya işlərində daha çox yerli transferlərə diqqət yetiririk. Bu mənada ölkə daxilində hazırlıq keçməyimiz öz bəhrəsini verdi. Yəni, xaricdə təlim-məşq toplanışında olsaydıq, sərəncamımda olan gənc, perspektivli oyunçular əldən çıxacaqdı. Seleksiya işləri yekunlaşmayıb, hələ də axtarışdayıq. “Turan”dan dəvət etdiyimiz bir neçə futbolçunu planlaşdırdığımız sonuncu yoxlama oyununda sınayacağıq”. Komandasının gücünə inanan N.Qasımov qarşıdakı mövsümlə bağlı nikbin danışıb: “Hazırkı heyətlə iddialı klublara rəqabət yaratmaq, öz sözümüzü demək, yaxşı təmsil olunmaq istəyirik. Premyer Liqaya qayıtdıqdan sonra qarşıda duran vəzifə ilk “onluq”da qərarlaşmaq olsa da, bununla kifayətlənməyəcəyəm. Çünki kiçik hədəf uğrunda mübarizə aparmağı sevmirəm. General olmaq istəməyən əsgər, əsgər deyil. Necə deyərlər, iştaha diş altında olur və getdikcə yüksək yerlər uğrunda mübarizə aparacağıq”. “Bakılı”nın baş məşqçisi köməkçilərinin “Bakı Fəhləsi”ndən yaxşı tanıdığı İlqar Hüseynovla Nadir Əliyevin olduğunu söyləyib. Qeyd edək ki, “Bakı Fəhləsi”nin kapitanı olmuş veteran müdafiəçi N.Əliyev əvəzedici komandaya rəhbərlik edəcək.
0