Qyoko Hacievski: “Çempionluğa əsas namizədlərdən biri “Bakı” olacaq”
29.07.2008 - 16:41
Qyoko Hacievski: “Çempionluğa əsas namizədlərdən biri “Bakı” olacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Sloveniyadakı hazırlığımız əla keçdi. Amma iki həftəlik təlim-məşq toplanışından sonra da komandanın mövsümə tam hazır olduğunu demək düzgün deyil. Fiziki hazırlıq yüksək səviyyədədir, motivasiya böyükdür, sadəcə, xətlər arasında əlaqə baxımından problemlər var”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. Onun sözlərinə görə, Sloveniyanın Ptuj şəhərindəki hazırlıq prosesində keçirilən beş yoxlama oyununun yalnız birində qələbə qazanılması bədbinliyə əsas verməməlidir: “Bu, sadəcə yoxlama oyunları idi və rəsmi matçlarda motivasiya fərqli olur. Özü də nəzərə almaq lazımdır ki, sınaq matçlarının hamısında rəqibdən üstün idik. Sadəcə, heyətdə böyük dəyişiklər baş verib və bunlar oyuna öz təsirini göstərir. 10 yeni futbolçu transfer etmişik və meydandakı anlaşma bir ayın içində həll olunan məsələ deyil. Bunun üçün vaxt lazımdır. Problemimiz yalnız budur. Komandada yaxşı ab-hava hökm sürür, nizam-intizam qaydasındadır”. On ay öncə “Bakı”nın sükanı arxasına keçən 53 yaşlı makedoniyalı mütəxəssis heyətdəki köklü dəyişiklikdən fayda görəcəklərini hesab edir: “Ötən mövsümlə müqayisədə komandada fərq böyükdür. “Bakı” xeyli güclənib və yenidən çempionluğa, ölkə kubokunu, avrokuboklara vəsiqə qazanmağa iddialı komanda olub. Növbəti mövsümdə çempionluğa əsas namizədlərdən biri olacağıq. Nəticə qazanacağımıza inam böyükdür. Ancaq tək istəklə iş bitmir. Rəqiblərimizin çıxışından da çox şey asılı olacaq. Baxaq görək onlar mövsümə necə hazırlaşıb”.
Qeyd edək ki, “Bakı” mövsüm öncəsi son yoxlama oyununu “Neftçi” ilə keçirəcək. Avrokuboklarda çıxışını başa vuran flaqman həmşəhərlilərini avqustun 3-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionda qəbul edəcək.
0