“İnter” “Partizan”la görüşdə layiq olduğu qələbəni qazana bilmədi - FOTOSESSİYA
29.07.2008 - 19:54
“İnter” “Partizan”la görüşdə layiq olduğu qələbəni qazana bilmədi - FOTOSESSİYA
Polşalı beynəlxalq dərəcəli hakim Tomaş Mikulskinin idarə etdiyi qarşılaşmanın favoriti olan serbiyalılar ilk təhlükəli hücumdaca hesabı açıblar. 3-cü dəqiqədə müdafiəçilərin səhvindən yararlanan Miloş Boqunoviç fərqlənib - 0:1. Buraxılan qoldan sonra “İnter” hücumlarını artırsa da, serbiyalı futbolçular Azərbaycan çempionunun fasiləyədək hesabı bərabərləşdirməsinə imkan verməyiblər.
İkinci hissənin əvvəllərində Samir Abbasovun əvəzinə meydana çıxan Cavid Hüseynov ardıcıl iki epizodda fərqlənə bilərdi. Ardınca Mahmud Qurbanovun ötürməsindən sonra Emin İmaməliyevin zərbəsini rəqib qolkiper qapı xəttindən çıxarıb. Yerinə yetirilən künc zərbəsi zamanı serbiyalı qapıçı “İnter”in bolqarıstanlı futbolçusu Petar Zlatinovun güclü zərbəsinin qarşısını alıb. Amma 82-ci dəqiqədə Zlatinov hesabı bərabərləşdirib. Onun təxminən 25 metrdən vurduğu güclü zərbə rəqib müdafiəçiyə toxunaraq qapıdan keçib - 1:1. Matçın sonlarında Cavid Hüseynov qapıçı ilə üzbəüz mübarizədə 100 faizlik qol imkanını qaçırıb. Ümumilikdə, ikinci hissədə rəqibini açıq-aşkar üstələyən “İnter”in qələbə qazanmasına “Partizan”ın qapıçısı mane olub. O, bir neçə epizodda komandamızın hesabda irəli çıxmasının qarşısını alıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra keçiriləcək.
Qeyd edək ki, “İnter” birinci təsnifat mərhələsində Makedoniya çempionu “Rabotniçki” klubunu mübarizədən kənarlaşdırıb. Komandalar arasında həm Bakıda, həm də Skopyedə keçirilən görüşlərdə heç-heçə (0:0 və 1:1) qeydə alınsa da, rəqib meydanında vurulan qol təmsilçimizi ikinci mərhələyə yüksəltmişdi.





























0