Slavişa Yokanoviç: “İnter”dən belə oyun gözləmirdim”
30.07.2008 - 10:17
Slavişa Yokanoviç: “İnter”dən belə oyun gözləmirdim”
Nəticədən (1:1) razı qalan 40 yaşlı serbiyalı mütəxəssis rəqibin daha yaxşı təsir bağışladığını etiraf edib: “Açığı, “İnter”dən belə oyun gözləmirdim. Azərbaycan çempionu xüsusilə oyunun ikinci hissəsində bizdən yaxşı təsir bağışladı. Ümumiyyətlə, oyun bizim üçün çətin alındı. Fasiləyədək yaxşı oyun göstərdik və matçın ilk dəqiqələrində hesabı açmağa müvəffəq olduq. Ancaq ikinci hissə tam fərqli oldu. “İnter” təzyiqi artırdı və biz bunun qarşısını ala bilmədik. Bunun da məntiqi nəticəsi rəqibin hesabı bərabərləşdirməsi oldu”. S.Yokanoviç qapılarına vurulan qolun müəllifi olan “İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinovu oyununu qeyd edib: “Bu futbolçu haqda eşitsəm də, onun belə təsir bağışlaması mənim üçün gözlənilməz oldu. Təhlükəli zərbələri ilə yadda qalan Zlatinov yüksək səviyyəli oyun nümayiş etdirdi. İstənilən halda, belə gərgin, itkilərimizin olduğu bir səfər oyununda bu hesabı qənaətbəxş saymaq olar. Nəticədən razı qaldım və öz meydanımıza keçirilən cavab görüşündə bu sərfəli hesabdan yararlanmağa çalışacağıq”.
V.Xodukini komandasının Serbiyanın ən titullu klublardan birinə qarşı göstərdiyi oyun razı salıb: “Güclü rəqiblə qarşılaşdıq. “Partizan” kimi komandaya qarşı bütün matç boyu yüksək səviyyəli oyun nümayiş etdirmək çətindir. Bununla belə, biz rəqibdən yaxşı təsir bağışladıq. İkinci hissədə qol vurmaq üçün xeyli imkanlarımız oldu. Məğlub olsaydıq, bu, ədalətsiz nəticə olardı. Cavab görüşünə yaxşı hazırlaşıb, sona qədər mübarizə aparacağıq”.
0